Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirləndirilən keçmiş əməkdaşı Cavid Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Gundemxeber.az-ın pravda.az-a istinadla əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 7-nə təyin edilib. Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və azadlığa buraxılıb. C.Məmmədov hökmdən narazı qalıb və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, C.Məmmədov bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, C.Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində, eləcə də dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiyaya qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bununla da Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilərək onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?