Oktyabrın 13-də həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu mülki xəstəxanada, Mərkəzi Klinik Xəstəxanada müayindən keçirilib. O həm kompütertomoqrafiyasından, həm də maqnit rezonans tomoqrafiyasından keçirilib.
Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, bu, Qubad İbadoğlunun ailəsi üçün gözlənilməz olub.
“Çünki biz dəfələrlə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etmişik. Onlar oktyabrın 11-də kompüter və maqnit rezonans tomorqafiyasını lazım bilmədikləri cavabını vermişdilər. Bir gün sonra isə Mərkəzi Klinik Xəstəxanada bunu ediblər. Bununla yanaşı müayinələrin cavabı ilə bağlı Qubad İbadoğluna və onun müdafiəçilərinə hələ məlumat verməyiblər. Müayinə başa çatan kimi Qubad bəyi təcridxanaya aparıblar, həkimlərdən müayinənin nəticələri barədə öyrənməsinə imkan verməyiblər”, o qeyd edib.
Qalib Toğrul oktyabrın 14-də 1 saylı Bakı İstintaq Təcridxanasında qardaşı ilə görüşüb.
“Qubad bəyin səhhəti ağır olaraq qalır. Onun şəkəri normadan 2-3 dəfə yüksəkdir. Şəkərlə bağlı güclü insulin təyin edilib. Bel ağrıları daha da kəskinləşib. Ona ağrıkəsici verirlər. Amma, bel ağrılarının keçməsi üçün fizioterapiya lazımdır. Həkimlər deyir ki, şəkərin yüksək olması onun gözündə və böyrəsində neqativ proseslərin getməsinə səbəb olur. Göz həkimi gəlib. Ancaq yalnız onun görməsini yoxlayıb. Göz dibinin vəziyyəti ilə bağlı müayinə aparmayıb. Böyrəyi ilə bağlı isə hələ müayinə aparılmayıb”, o qeyd edib.
Qalib Toğrul Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviçin Qubad İbadoğlu ilə görüşüb-görüməyəcəyi barədə məlumata malik deyil.
“Amma əminəm ki, görüşlərində Qubad İbadoğlunun, həmçinin siyasi məhbusların məsələsini qaldıracaq”, o qeyd edib.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.
Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib./amerikaninsesi.org/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?