Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin rüşvət almaqda ittiham olunan əməkdaşları Hikmət Vəlizadə və Vüqar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşi hakim Rasim Sadıxovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. İstintaqla agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İlkin sübutlar əsasında V.Hüseynov və H.Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə Yerüstü Nəqliyyat Agentliyi zərərçəkmiş qismində tanınıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?