Bakı Apellyasiya Məhkəməsində Zahid Məmmədzayid oğlu Səlimova şəhid statusunun verilməsi ilə bağlı qərardan inzibati orqan tərəfindən verilən şikayətə baxılıb.
Bu barədə e-huquq.az-a iddiaçı tərəfin vəkili Əziz Qənbərli məlumat verib
Onun sözlərinə görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
"Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov 2022-ci ilin may ayında hərbi hissəyə təminat aparan zaman Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirib. Qəzada həlak olduğuna görə ona şəhid statusu verilməyib. Ailəsi Zahidə şəhid statusunun verilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Hakim Aysev Amazovanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub. Bundan sonra cavabdeh qurum apellyasiya şikayəti verib”, - deyə vəkil bildirib.
Qeyd edək ki, Z.Səlimov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla "Döyüşdə fərqlənməyə görə”, "Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?