Azərbaycan Səhiyyə Nazirliyi valideynləri uşaqlarını qızılcaya qarşı peyvənd etdirməyə çağırır.
Belə ki, rəsmi məlumatlara görə son aylarda Azərbaycanda qızılcadan azı 3 nəfər ölüb. Rəsmi qurumlar xəstəliyə yoluxanların sayı barədə sonuncu dəfə noyabrın 28-də açıqlama verib və bu rəqəm 285 olub. Lakin müşahidəçilərin fikrincə, rəsmi rəqəm reallığı əks etdirmir, yoluxma halları daha çoxdur.
Azərbaycan Səhiyyə Nazirliyi müraciətlə çıxış edərək bildirib ki, uşaqların sağlamlığının mühafizəsinin təmin edilməsi və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaş arasında olan uşaqlar qızılca, epidemik parotit və məxmərək əleyhinə iki dəfə peyvənd olunmalıdır. Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə onlara ambulator-poliklinik yardım göstərən tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur.
Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Afət Əkbərova qızılcanın peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biri olduğunu bildirib.
O, qızılcaya yoluxanlar arasında ən həssas kontingentin məktəbəqədər və məktəb yaşlı uşaqlar olduğunu deyib.
"Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq (təqribən 2 saat ərzində məhv olur), yoluxma hava-damcı yolu ilə baş verir. Xəstəliyi keçirməyən və peyvənd olunmayan şəxslərin qızılcaya yoluxma ehtimalı 95-96% təşkil edirsə, bunun əksi olaraq 2 doza peyvənd alanlarda orqanizmdə yaranmış anticisimlər uzun müddət virusa qarşı qoruyuculuğu təmin edir”, o qeyd edib .
Əkbərova valideynləri özlərinin və uşaqlarının sağlamlığı ilə son dərəcə diqqətli olmağa çağırıb.
Ümumdünya Səhiyyə Təşkilatınınn (ÜST) məlumatına görə, Avropa regionunda qızılcaya yoluxma hallarının sayının həyəcanverici artımı müşahidə olunur.
“Yanvar-oktyabr aylarında regionda 53 üzv dövlətdən 40–ı 30 mindən çox yoluxma halı barədə məlumat təqdim edilib, bu isə bütöv 2022-ci il (941 hal) ilə müqayisədə 30 dəfə çoxdur. ÜST xəbərdarlıq edir ki, təcili tədbirlər görülməzsə, bu tendensiya davam edəcək”, məlumatda qeyd edilir.
“Biz regionumuzda qızılcaya yoluxma hallarının sayının otuzqat artımını müşahidə edirik, təxminən 21 min nəfər xəstəxanaya yerləşdirilib, beş nəfər ölüb. Bu, narahatçılıq doğurur”, ÜST-nin Avropa üzrə Regional direktoru Hans Klyuge bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?