Bir neçə ildir məktəblərdə dərslər kurikulum sistemi ilə tədris olunur. Sistem 10 ildən çoxdur tətbiq edilsə də, onun ətrafında müzakirələr bitmir.
Müzakirələrin bir qismi sistemin tələb etdiyi yazı-pozu işlərinin çoxluğu ilə bağlıdır.
Müəllimlər gündəlik, sinif jurnalı, şəxsi iş, formativ və summativ qiymətləndirmələrə çox vaxt sərf etdiklərindən gileylənirlər. Xüsusilə, şagird sayı çox olan şəhər məktəblərində yazı yükü daha çox olur.
Sosial şəbəkədəki təhsil qruplarında təhsil verənlər yazıların dərsin əsas vaxtından aldığını yazırlar. Bir neçə ildir bəzi məktəblər elektron sinif jurnallarından istifadə edirlər. Bəziləri bununla kağız işinin azalacağını düşünsə də, yaşlı müəllimlər üçün əlavə problem yaranıb. Sinif jurnallarına sinif rəhbərləri nəzarət edir və bunun üçün onların əməkhaqqına əlavə vəsait ödənilir.
Yaşlı müəllimlər elektron jurnalı yaza bilmədikləri üçün aldıqları pulun çoxunu məktəbin cavan kadrlarına ödəyərək elektron jurnalı yazmaqda yardım alırlar. Elm və təhsil nazirliyinin məlumatlarında 2023-2024-cü tədris ilində “e-jurnal” və “e-gündəlik” platformasına qoşulan ümumi təhsil müəssisələrinin sayının 453-ə çatdığı qeyd olunub.
Elektron jurnallar müəllimlərin yazı yükünü azaldır, yoxsa?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov deyib ki, beynəlxalq təcrübədə illərdir bundan istifadə olunur:
“Beynəlxalq təhsil sistemində sinif jurnalları elektron formadadır. Eyni zamanda, həmin jurnalda valideyn kabineti də olur ki, valideyn özü övladı ilə bağlı bütün qeydlərə daxil ola bilir. Müəllimin də vəzifəsi hər dərsdən sonra hər bir şagirdlə bağlı xüsusi qeydlərini onların kabinetlərinə yerləşdirməkdən ibarətdir.
On illərdir bu, beynəlxalq təcrübədə istifadə olunur. Bizdə 2012-ci ildə bu işə başlanıldı, amma davam etdirilmədi. Hazırda iki ildir ki, elektron jurnal sisteminin tətbiqi ilə bağlı müəyyən işlər görülür. Bakı şəhərindəki məktəblərinin çoxunda tətbiq olunur, düşünürəm ki, yaxın 3-5 il ərzində ölkənin bütün məktəblərini əhatə edəcək”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?