Bakı şəhərindəki ümumtəhsil müəssisələrində çalışan müəllimlər bir nüçə gün öncə noyabr ayının maaşını alarkən gözləmədikləri vəziyyətə düşüblər. Məlum olub ki, I-VI siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlərin maaşı azalıb. Müəllimlər bunun səbəbilə maraqlananda onlara bildirilib ki, Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisi zamanı yazı işlərinin yoxlanılması üçün müəllimlərin əməkhaqına əlavə edilən məbləğ kəsilib. Nəticədə onsuz da yüksək maaş almayan yüzlərlə müəllim noyabrın əməkhaqqını 10-20 manat kəsirlə alıblar.
Modern.az saytının məlumatına görə, maaşlarının azalmasından narazı qalan müəllimlər ötən həftənin sonlarında kütləvi şəkildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mühasibatlıq şöbəsinə gedərək, məsələyə etirazlarını bildiriblər. Orada müəllimlərə bunun təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə edildiyi söylənilib. Pedaqoqların növbəti həftə nazirliyi şikayətə gedəcəklərini bəyan etmələri vəziyyəti daha da gərginləşdirib.
Yalnız etirazlar artandan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimləri sakitləşdirmək üçün açıqlama ilə çıxış edib. İdarə bəyan edib ki, noyabr ayı üçün I-VI siniflərdə Azərbaycan dili (təlim qeyri-azərbaycan dilində aparılan I-VI siniflərdə isə tədrisin aparıldığı tədris dili) və Riyaziyyat fənlərinin tədrisi zamanı yazı işlərinin yoxlanılması üçün müəllimlərin əməkhaqqına əlavə edilən məbləğ texniki problem səbəbindən ödənilməyib.
”Bildiririk ki, problem yaxın günlərdə həll olunacaq”-deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi açıqlamasında qeyd edib.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tebeçiliyində 325 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?