Yanvarın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə jurnalist Sevinc Vaqifqızının vəkili ilə telefon danışığına məhdudiyyət qoyulması barədə apellyasiya şikayəti üzrə proses başlayıb. Lakin məhkəmə iclası yanvarın 17-dək təxirə salınıb.
Gundemxeber.az bildirir ki, vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, məhkəmənin təxirə salınmasına səbəb hakimin qərarının konvoylar tərəfindən icra edilməməsindən sonra onun səhhətinin pisləşməsi olub.
“Əvvəl hakimlər Sevinc xanımın şüşə qəfəsdən çıxarılması barədə müdafiə tərəfinin vəsatətini təmin etdi. Konvoy bildirdi ki, bunun üçün onların rəisi icazə verməlidir. Rəis gəldi və icazə vermədiyini bildirdi. Bundan sonra hakimlər yenidən müşavirə edərək vəsatətimin təmin olunmadığı barədə yeni qərarı elan etdi. Əsəbdən təzyiqim qalxdı, belə vəziyyətdə müvəkkilimin hüquqlarını müdafiə edə bilməyəcəyimi bildirdim. Özümü kəskin pis hiss etdiyimdən yaxınlıqdakı aptekdə təzyiqimi yoxlatdım. Təzyiqim 159/98 idi. Hələ də təzyiqimin aşağı salmağa çalışıram”, vəkil qeyd edib.
Vəkil Amerikanın Səsinə bildirib ki, jurnalistin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanası qanunsuz olaraq müvəkkilimin mənə zəng etməsinə imkan vermir. Halbuki bu barədə istintaq orqanının qərarı yoxdur.
Vəkilin şikayətinə ötən il dekabrın 28-də Xətai rayon Məhkəməsi onun və müvəkkilinin iştirakı olmadan baxıb və təmin etməyib.
Vəkilin dedikləri barədə Penitensiar Xidmətdən hələ şərh almaq mümkün olmayıb.
Jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı, Məhəmməd Kekalov, Nərgiz Absalamova 2023-cü ilin noyabr-dekabr aylarında, Elnarə Qasımova isə yanvarın 13-də Abzas Media İnternet nəşrinin işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarının korrupsiya faktları barədə jurnalist araşdırmaları ilə əlaqələndirirlər.
Azərbaycanda son günlərdə 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.
Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri, habelə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.
Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyi, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?