Həkim Aydın Əliyev izləndiyi barədə "Facebook" hesabında etibarlı mənbələrdən məlumat aldığını bildirib:
"Aldığım məlumatlara görə məni izləyirlər, hansısa bir şər, böhtan, qarayaxma, qəza və s. ilə "ilişdirmək" istəyirlər. Bəri başdan sizi bilgiləndirmək istəyirəm, mənimlə bağlı hər hansı belə bir ləkələmə kampaniyası olarsa, qəti şəkildə inanmayın! Bilin ki, bu, mənim vətəndaş mövqeyimə görədir. Tənqidlərimi də bir ziyalı borcu olaraq xalqın maariflənməsi, haqq-ədalətin öz yerini alması üçün etmişəm".
Aydın Əliyev media hüququ üzrə ekspert, "Toplum TV"nin təsisçisi Ələgər Məmmədlinin qaynıdır.
Ələsgər Məmmədli martın 8-də "Toplum TV" işi üzrə həbs edilib. Aydın Əliyev onun həbs olunduğu görüntüləri sosial media hesabında paylaşıb. O, ehtimal edilir ki, görüntüləri paylaşdığı üçün təhdid olunur.
Hüquq mühafizə orqanlarından məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.
Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin "III Respublika" Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Tolpum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin "III Respublika" Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Martın 8-də isə "Toplum TV"nin təsisçilərindən Ələsgər Məmmədli və "III Respublika" Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs qətimkan tədbiri seçilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?