Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənələri insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən keşməkeşli mərhələlərində belə, islam dininin zəngin dəyərlərindən dönməyərək, bu dəyərlərə həmişə sadiq qalmış, müsəlman dünyasının ayrılmaz hissəsi kimi, islam mədəniyyətinin inkişafına öz töhfələrini vermişdir. Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan Sovet dönəmində də xalqımız bir çox qadağalara baxmayaraq dini Qurban və Ramazan bayramlarını qeyd etmişdir. Müstəqillik əldə edildikdən sonra, ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Ramazan bayramı hər il dövlət səviyyəsində qeyd olunur. Həmin həssas və qayğıkeş münasibət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mübarək Ramazan bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa, xeyirxahlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
Məhz bu günlərdə cəmiyyətimizdə bərabərlik və dözümlülük, humanizm və qardaşlıq, xeyirxahlıq və mərhəmət duyğuları özünü daha bariz şəkildə göstərir. Əminəm ki, bu bayramda da Allah rizası üçün ehtiyacı olanların süfrəsinə bərəkət gələcək, hər evdə xalqımızın xoş gün-güzəranı üçün dualar səslənəcəkdir.
Sizi dünya müsəlmanlarının mənəvi kamillik, həmrəylik və birlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm. Hamınıza Ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik və süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Ramazan bayramınız mübarək olsun!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?