Bakı Ağır Cinayətlər Məhkəməsində 21 yaşlı Fidan Əliyevanın cinayət işi üzrə keçirilən məhkəmə araşdırmaları çərçivəsində ekspertiza rəyi açıqlanıb.
Dövlətə xəyanətdə ittiham olunan Fidan Əliyeva ilə bağlı ekspertiza rəyi onun psixi durumuyla bağlıdır.
Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur. Fidan Əliyevanı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Onun həbsindən sonra düşmənə göndərdiyi səs yazıları və videoları yayılıb. Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında Fidan Əliyeva da olub.
Onun "Telegram" platforması üzərindən tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir. Məhkəmədə ifadə verən Fidan Əliyeva özünü təqsirli bilməyib.
Ekspertiza rəyinə gəlincə, Fidan Əliyevanın psixoloji vəziyyəti ilə bağlı ekspertiza onun anlaqlı olmasını təsdiqləyib.
Qeyd edək ki, ekspertiza keçirilməsini xanım müttəhimin vəkili istəmişdi. Vəkil müttəhimin psixi problemlərinin olduğunu, anlaqsız olmasını bildirmişdi. Vəsatətə prokuror da etiraz etməyib. İttihamçı deyib ki, həkim rəyini bilmək onlar üçün də maraqlıdır. Məhkəmə tərəflərin təklifi ilə razılaşıb, vəsatəti təmin etmişdi.
Rəydə qeyd olunub ki, Fidan Əliyevanın psixoloji vəziyyəti normaldır. İş üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Növbəti iclasların birində prokuror ittiham nitqi ilə çıxış edəcək. Fidan Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. Amma qanuna görə, Azərbaycanda qadınlar ömürlük məhkum edilə bilməzlər./Musavat.com/
Sorğu
Yeni dizaynımız necədir?