“1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin kəskin baş ağrıları 3 gündür davam edir, həzm prosesi düzgün getmir, mədə rahatsızlıqları var”.
Bu barədə Məmmədlinin həyat yoldaşı Günay Məmmədli iyulun 15-də onunla telefon danışığından sonra bildirib.
“Ailəsi onun səhhəti ilə bağlı çox narahatdır. Təbii ki, bu problemlər stress, gərginlik və eyni zamanda boğazdakı şişlərlə əlaqəlidir”, o, Facebook səhifəsində yazıb.
Ailəsinin dediyinə görə, Ələsgər Məmmədlinin boğaz nahiyyəsində şişlər var. İyulun 8-də ondan götürülmüş biopsiyanın nəticələrinə görə, boğaz nahiyyəsindəki şişin xoşxassəli olduğu müəyyən edilsə də, bu, onun ailəsini qane etmir.
Belə ki, Ələsgər Məmmədli həbsindən 1 saat öncə özəl klinikada ultrasəs müayinəsi olunub. O zaman Qalxanvari vəzinin boyun hissəsində 50-75 faiz xərçəng ehtimalı aşkar edilib. Eləcə də qandan götürülən digər analizlərin cavabları şişin təhlükəli xarakterli olması ehtimalından xəbər verib. Cərrah endokrinoloq biopsiya ilə yanaşı, 10 tibbi komponent üzrə qan analizinin vacibliyini tövsiyə edib.
Ancaq həbsindən sonra təhlükəsizilik qüvvələri Ələsgər Məmmədlidən biopsiya götürülən zaman digər analizlərin götürülməsinə imkan verməyib. Beləliklə, biopsiyanın cavabları Ələsgər Məmmədlini və ailə üzvlərini qane etməyib.
“Bu nəticə xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün yetərli deyil. Cərrah endokrinoloq da USM (Ultrasəs müayinəsi) nəticələri ilə biopsiya nəticələri arasında uyğunsuzluq olduğunu bildirib. Tiroid Biopsiyası ilə yanaşı, TSH, ST4, Tireoglobulin, bilirubin fraksiyaları, GGT, ALT, AST, Amilaza, şəkər HbAıC, Kreatin, Qanın ümumi analizinin təcili verilməsini tövsiyə edib. Cərrahi əməliyyat ehtimalını istisna etməyib", Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerkanın Səsinə deyib.
Nəsimi Məmmədli deyib ki, telefon danışığı zamanı Ələsgər Məmmədlinin səsi yenə də zəif və yorğun gəlib.
"Boğazındakı şiş onun yatmasına əngəl yaradır və yuxususzluqdan əziyyət çəkir. İsti hava, qapalı şərait, boğulma halı və davamlı baş ağrısı onun səhhətində getdikcə ağır fəsadlar yaradır", o qeyd edib.
Penitensiar Xidmət Məmmədlinin səhhəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.
Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?