Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan vətəndaşı İmran Abdullayevin “Qış parkı” ərazisində yerləşən mülkünün Azərbaycan hakimiyyəti tərəfindən özgəninkiləşdirilməsini qanunsuz hesab edən qərar çıxarıb.
“Abdullayev Azərbaycana qarşı” işinin hallarına əsasən, Abdullayevin Bakıda yerləşən evi 2012-ci ildə “Qış parkı”nın tikintisi layihəsi çərçivəsində sökülüb. Bakı Şəhəri İcra Hakimiyyəti 2011-ci ildə Abdullayevdən mənzilini boşaltmağı istəmiş və alqı-satqı müqaviləsi əsasında ona kompensasiya təklif etmişdi.
Alqı-satqı müqaviləsi ilə razılaşmayan Abdullayev yerli məhkəmələrə müraciət etsə də, məhkəmənin son qərarı olmadan onun mənzili 2012-ci ilin martında sökülmüşdü. Abdullayev bundan sonra müqaviləni imzalamış, ancaq sonradan bu addımı təzyiq altında atdığını bildirərək yenidən məhkəməyə müraciət etmişdi. Yerli məhkəmələr isə onun şikayətini qəbul etməmişdi.
İmran Abdullayev Avropa Məhkəməsi qarşısında dövlət qurumlarının atdığı addımların onun mülkiyyət hüququna əsassız müdaxilə olduğunu və təklif olunan kompensasiyanın qeyri-adekvat olduğunu iddia edib.
AİHM müəyyən edib ki, buna oxşar əvvəlki işlərdə (Xalikova Azərbaycana qarşı) olduğu kimi BŞİH-in səlahiyyətli dövlət orqanının qanuni sərəncamı olmadan xüsusi mülkiyyəti zəbt etməsi qanunsuz olub. Məhkəmə Azərbaycan hökumətinin Abdullayevə təklif olunan kompensasiyanın ədalətli olması ilə bağlı arqumentini də rədd edib.
Məhkəmə kifayət qədər əsaslandırma olmadığına görə Abdullayevin maddi ziyanla bağlı iddialarını qəbul etməyib və ona yalnız mənəvi ziyana görə 3000 avro təzminat təyin edib.
Strasburq Məhkəməsi bu yaxınlarda çıxardığı daha bir işdə “Qış parkı”nın salınması zamanı mülkiyyət hüqunun pozulmasını aşkarlamışdı.
“Yunusova və Yunusov Azərbaycana qarşı” işi üzrə iyulun 11-də elan edilən qərarda məhkəmə tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunuslara münasibətdə mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu tanıyıb.
Belə ki, Bakı şəhəri Şəmsi Bədəlbəyli küçəsində onlara məxsus iki mənzil “Qış parkı” salınması məqsədilə sökülsə də, çoxsaylı məhkəmə çəkişmələrindən sonra 2013-cü ilin sentyabrında Ali Məhkəmə qərarı ilə onlara təyin edilən kompensasiya ödənilməyib.
AİHM-in həmin qərarına əsasən, Azərbaycan hökuməti Ali Məhkəmənin 25 sentyabr 2013-cü il tarixli qərarının icrasını təmin etməli və ərizəçilərə təzminat ödəməlidir./amerikaninsesi.org/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?