Xəbər verdiyimiz kimi, hərbi ekspert Ədalət Verdiyev dünən həbs olunub. Belə ki, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bəs, onun həbsinin arxasında hansı amillər var? Bundan sonrakı proses necə olacaq?
Gundemxeber.az xəbər verir ki, məsələ ilə bağlı Ajans.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ə. Verdiyev ehtiyatsızlıq edib və buna görə də ona qarşı sözügedən qərar tətbiq edilib: “Əlbəttə ki, Ədalət bizim xidmət yoldaşımız olub. İndi sosial şəbəkələrdə aktiv müzakirə olunur. Mən çox istərdim ki, cəmiyyət hər bir insana hörmətlə yanaşsın. Hələ onun haqqında məhkəmə qərarı yoxdur. Bəziləri xoşlayırlar ki, insanı baltalasınlar, asıb-kəssinlər. Mən də razıyam, ehtiyatsızlıq edib. Amma nə etmək olar? Mən çox təəssüflənirəm. İstəməzdim ki, belə bir hal olsun. İnanıram ki, onun xidmətləri, onun ailə vəziyyəti və mövqeyi nəzərə alınacaq”. Hərbi ekspert Ədalət Verdiyevin həbsinin arxasında duran nüanslardan da söz açıb. “Hərə bir söz deyir. Hamı fərziyyələr irəli sürür. Özü konkret danışacaq. Onun vəkili var. Bütün məsələlərə aydınlıq gətirəcək. Mən onun məqsədyönlü şəkildə hansısa bir dövlət və ya hərbi sirri yaymasından qəti uzağam. Ədalət bəy elə məsələni heç vaxt törədə bilməzdi. Sadəcə sonuncu mediatur zamanı ehtiyatsızlıq edib. O ehtiyatsızlıqlar da Azərbaycanın müdafiə və təhlükəsizliklərinə müəyyən narahatçılıq gətirdiyinə görə belə bir qərar verilib”, - deyə, Ü. Cəfərov qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?