`Bank of Baku`nun vətəndaşlara təklif etdiyi “Bolkart” debit kartı ilə bağlı redaksiyamıza şikayətlər daxil olur.
Belə ki, bank debit kartları vətəndaşlara verərkən bir çox sahələrdə kəşbək qazanmaq imkanı təklif edib. Lakin bu funksiya sonradan ləğv edilib. Hazırda yalnız Bravo və Araz supermarketlərindən alış-veriş zamanı kəşbək əldə etmək imkanı verilir. Bu halda belə adıçəkilən iki marketdən biri seçilməlidir.
Banklar tərəfindən belə addımların atılmasını vətəndaşların aldadılması hesab etmək olar? Belə halla rastlaşan vətəndaşlar nə edə bilərlər?
Hüquqşünas Ramil Süleymanov Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.
“Birinci növbədə vətəndaşlarla həmin debit kartı təklif edən müvəkkil bank arasında müqavilə olur. Həmin müqavilələrdə şərtlər açıq və aydın şəkildə yazılmalıdır. Əgər vətəndaş bank tərəfindən qoyulan bu məhdudiyyətin müqavilədə əks olunmadığını görərsə, kartdan istifadə etməkdən imtina edə bilər. Amma ilkin formada təqdim olunmuş kartlar əsasında xidmət şəbəkəsi sonradan azaldılarsa, təbii ki, tərəflər bir-birlərini məlumatlandırmalıdırlar. Əgər belə bir məlumatlandırma olmazsa və vətəndaş da hər hansısa bir mağazadan ödəniş əsasında müəyyən kəşbək gözləyərsə, əlbəttə ki, ona vurulmuş maddi zərərlə bağlı məhz bankın məlumatlandırmanı icra etməməyi səbəbindən uğradığı zərərə görə və ya əldən çıxmış faydaya görə həmin bankı məhkəməyə verərək birinci növbədə pritenziya qaydasında ona məlumat verməklə əldən çıxmış faydanı tələb edə bilər. Digər tərəfdən əgər bankın buna sıfır reaksiyasını görərsə, əlbəttə ki, bununla bağlı məhkəməyə müraciət etməklə əldən çıxmış faydanı geri ala bilər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?