Dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə proses sənədlərin araşdırılması ilə davam etdirilib.
İclasda Hacıyev bir sıra vəsatətlər qaldırıb. Hacıyev əsasən Bank Respublikadan tələb olunan sənədlərin iş materiallarından çıxarılmasını istəyib.
"Bu sənədlər əməliyyat-axtarış fəaliyyəti haqqında qanun pozulmaqla cinayət işi başlanılmazdan əvvəl polis tərəfindən tələb olunub. Eyni zamanda, bank kommersiya sirrini pozub. Sübutlar qeyri-qanuni yolla əldə edildiyindən, onlar iş materiallarından çıxarılmalıdır", Hacıyev deyib.
Həmçinin Hacıyev onun "qanunsuz əməlləri" barədə şikayətin daxil olduğu elektron poçt ünvanının araşdırılmasını və kimə aid olduğunun müəyyənləşdirilməsini istəyib.
O hesab edir ki, bu məktubu hüquq-mühafizə orqanlarının özləri hazırlayıblar.
Hakim vəsatətləri baxılmamış saxlayıb və qeyd edib ki, hökm çıxarılarkən deyilənlərə hüquqi qiymət veriləcək.
Hacıyev bildirib ki, hüquq müdafiəçisi Rüfət Səfərovun və “Meydan TV” jurnalistlərinin həbsindən sonra ədalətli hökmə son ümidləri də puça çıxıb.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Ötən il iyunun 16-da fəala qarşı maliyyə pozuntuları - qrantların mənimsənilməsilə bağlı yeni ittihamlar irəli sürülüb. O həmçinin qanunsuz sahibkarlıq, pulların yuyulması, qaçaqmalçılıq və saxta sənədlərdən istifadə etməkdə ittiham olunub.
Həmin ilin noyabrında ona qarşı daha bir ittiham irəli sürülüb - vergilərin ödənilməməsi.
Hacıyev və onun həmkarları prosesi siyasi sifariş hesab edir ki, bunun da səbəbi kimi Bəxtiyar Hacıyevin Azərbaycan Daxili İşlər Nazirliyinin fəaliyyətini kəskin tənqid etməsi göstərilir./amerikaninsesi.org/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?