Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin səhhətində ciddi problemlər yaranıb.
GundemXeber.Az xəbər verir ki, bu barədə Amerikanın Səsinə onun vəkili Fəxrəddin Mehdiyev bildirib.
Hacıyev hazırda Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
“Cahangir Hacıyev qalxanabənzər vəzin (Haşimoto sindromu) xroniki xəstəliyindən əziyyət çəkirdi. İndi xəstəliyi daha da şiddətlənib. Xəstəliyin şiddətlənməsindən sonra onda baş gicəllənmələri, sol qolun üyüşməsi, təngənəfəsilk, təzyiqin qeyri-stabilliyi, beyində oksigen çatışmamazlığı kimi fəsadlar yaranıb. Bu fəsadların aradan qaldırılması üçün ilk öncə müayinə lazımdır. Müayinənin nəticəsinə uyğun olaraq da dərmanlar təyin edilməlidir. Amma dəfələrlə müraciətimizə baxmayaraq Cahangir Hacıyev nə müayinə edilir, nə də tibb müəssisəsinə köçürülür. O, evdən mütəmadi dərmanlar alır. Müayinə olunmdan da dərmanların qəbulu effekt vermir”, vəkil qeyd edib.
Penitensiar Xidmət Cahangir Hacıyevin səhhəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Bununla yanaşı Amerikanın Səsinin sorğusuna cavabda Penitensiar Xidmət bir qayda olaraq bildirir ki, həbs edilmiş bütün şəxslərin hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev 2016-cı il oktyabrın 14-də 15 il müddətinə azadlıqdan məhrum edilib. Ondan başqa daha üç təqsirləndirilən şəxs faktiki cəza, dördü isə şərti cəza alıb.
Məhkəmə təqsirləndirilən şəxsləri Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq odlu silahı, onun komponentlərini, döyüş sursatlarını əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə təqsirli bilib.
Hacıyev günahını etiraf etməyib, müdafiəçiləri prosesi qərəzli adlandırıb.
Mənimsənilmiş vəsaitin dəqiq məbləği hələ məlum deyil. Qeyri-rəsmi məlumatlara görə, söhbət 4 milyard manatdan gedir.
2018-ci ilin dekabrında Baş Prokurorluq Hacıyevə qarşı külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, vergidən yayınma və s. ittihamlar irəli sürüb. 2019-cu ilin sentyabrında məhkəmə Hacıyevin həbs müddətinə daha bir il yarım əlavə edib.
Lakin 2020-ci ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 179.3 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cəzanın yüngülləşdirilməsi ilə əlaqədar müddəti 3 ay azaldıb.
2022-ci ilin fevralında Avropa İnsan Haqları Məhkəməsi Hacıyevin məhkəməyəqədər həbslə bağlı şikayətinin təmin edilməsi və 3500 avro məbləğində təzminat təyin edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?