Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aqil Aslanov və Azərbaycan vətəndaşı Ceyhun İsmayılovu saxlayıb.
Yerli medianın məlumatına görə, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabrında üçüncü ölkədə səfərdə olarkən tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək 200 min ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif edib.
Məlumatda deyilir ki, qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün 2 min ABŞ dolları məbləğində avans təqdim edilib.
“Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər”, yerli media qeyd edir.
Faktla əlaqədar DTX-də Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 276 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumatda hansı dini icmanın üzvünə qarşı sui-qəsd planlaşdırıldığı və sifarişi hansı ölkənin verdiyi dəqiqləşdirilməyib.
Həbs edilən şəxslərin yaxınları və vəkilləri isə hələ ittihama münasibət bildirməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?