İran Xəttatlar Dərnəyi ölkə səviyyəsində keçirəcəyi imtahanda istifadə üçün seçdiyi təhqiredici mətnə görə türk ictimaiyyətindən üzr istəyib.
İmtahanda istifadə edilmək üçün Xəttatlar Dərnəyinin müxtəlif vilayətlərdəki şöbələrinə göndərdiyi mətndə Səlcuqlu türklərə qarşı təhqiramiz sözlər və ifadələr yer almışdı. Mətn İran Azərbaycanı və digər bölgələrdə türk incəsənət xadimləri və media mənsublarının sərt reaksiyalarına səbəb olmuşdu. Dərnəyin üzr istədiyinə dair məlumat yayan İSNA, Fars və Mehr kimi yarı-rəsmi xəbər agentlikləri dərnəyin bu barədə açıqlamasını dərc ediblər. “Dərnəyin ali dövr imtahanları üçün hazırlanmış nümunə mətnin seçimində baş vermiş səhvlər türk həmvətənlərimizin narahatlıq və narazılığına səbəb olmuşdu. İran Xəttatlar Dərnəyi, qiymətləndirmə şurası, idarə heyəti və idarə heyətinin sədri olaraq hörmətli həmvətənlərdən üzr istəyib və bu səhvi bağışlamalarını ümid edirik,” dərnəyin açıqlamasında yazılıb.
Açıqlamada həmçinin qeyd edilib ki, “İran toplumu böyük türk məşhurlara hörmət edir və onların ləyaqətini və dəyərini yüksək qiymətləndirir. Əl-Xarəzmi, Farabi, Sührəvərdi, Əllamə Təbatəbai, Əllamə Cəfəri, Pərvin Etisami, Səttar Xan, Bağır Xan və müqəddəs müdafiə dövrünün (İran-İraq müharibəsi) minlərlə şəhidi əziz vətənimiz üçün qürur qaynağı olub, adları və xatirələri İranın zəngin mədəniyyətinə və İslam dünyasına əbədi olaraq həkk olunacaq.”
Dərnəyin müraciətində sözügedən imtahanın ləğv olunduğu və yeni bir imtahanın zamanının daha sonra elan olunacağı açıqlanıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, dərnəyin Təbriz şöbəsi daha əvvəl etiraz olaraq imthanın ləğv edildiyi bildirmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?