Hər şey ondan başladı ki, bu günlərdə Əlisa Nicat yerli mediaya verdiyi müsahibədə rəhmətlik xalq şairi Səməd Vurğunu yaltaqlıqda suçladı. Mövzu dərhal ənənəvi və sosial mediada aktuallaşdı. Mövqe bildirənlərdən Səməd Vurğunun tərəfini tutanlar da oldu, Əlisa Nicata haqq qazandıranlar da.
İş elə gətirib ki, Əlisa Nicatı təqdim olunduğu kimi nə filosof, nə yazıçı, nə də tarixçi kimi deyil, məhz tərcüməçi kimi tanımışam. Onun dilimizə çevirdiyi XVII əsr böyük ispan mütəfəkkiri Baltasar Qrassianın “Kamillik elmi” fəlsəfi traktatını Azərbaycan dilində oxuyub bəyəndiyimə görə. İspan dilini bilmirəm, bəlkə tərcümə qüsurları tapa bilərdim. Nə isə, razılaşaq ki, filosofu tərcümə etmək üçün gərək özün də filosof olasan. Həm də qüsura baxmayın, şəxsən bu sətirlərin müəllifinin ədəbi cameədə Əlisa Nicatı əzbərləməyə borclu salacaq qədər populyarlığı, yaxından tanımadığına görə xəcalətli çıxaracaq qədər yüksək statusu yoxdur. Nə edim ki, “Qızılbaşlar” mövzusunda yazdığım romanın çapından imtina edilir?
Məni gündəmdə olan bu mövzuya münasibət bildirməyə vadar edən səbəb “xoruzun sonradan görünən quyruğu” oldu – Əlisa Nicat ölkə başçısına video-müraciət edərək, özünün sosial rifah səviyyəsinin qeyri-qənaətbəxş olduğunu dilə gətirdi, yaltaq, möhtəkir hesab elədiyi bir çox başqa müqtədir qələm adamlarının da “bostanına daş atdı”.
Hesab edirəm ki, Səməd Vurğunun yaşadığı o vaxtkı, Əlisa Nicatın ömür sürdüyü indiki dönəmdə də yazıb-yaratdıqlarına, giley-güzarlarına görə qınağa tuş gəlmələrinə səbəb özləridir, özləri kimi dövrlərinin digər ziyalılarıdır. Bəlli ki, mövcud ictimai-siyasi formasiya onları öz qəliblərinə salmaq istəyib, qarşılığında nəsə verib, ya da təklif edib, olsun ki qorxudub da. Hakimiyyətin öndə gedən ziyalıları – şair və yazıçıları öz ideologiyasının təbliğçisinə çevirmək istəyi təbiidir, başa düşüləndir. Cəmiyyət yalnız öz savad və inkişaf səviyyəsinə uyğun olaraq hakimiyyətin istəklərini məqsədəuyğunluq nöqteyi-nəzərindən çək-çevir edə, onların reallaşmasına kömək edə, yaxud, müqavimət göstərə bilər. Əgər cəmiyyət üzvünün fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyə potensialı, savadı çatmırsa, bu da onları maarifləndirmək vəzifəsi daşıyan ziyalıların (müəllimlərin, alimlərin, yazıçı və şairlərin) nöqsanıdır.
Hər dahiyə öz əsrində parlamaq xoşbəxtliyi nəsib olmur. Nəinki dənizdə fırtına qopanda, həmin o Qrassian demişkən, külək hətta kiçik gölməçələrdəki suyu ləpələndirəndə belə heç bir kənar müdaxilənin faydası olmaz, çalxalanmanın sakitləşməsini gözləmək lazımdır. Yəqin ki, nəyi nə vaxt, necə etməyi yaxşı bilən dövlət siyasəti dünyada cövlan edən konyuktur meylləri də, ölkələrə, ayrı-ayrı xalqlara, onların mədəniyyətinə, milli-mənəvi dəyərlərinə yanaşmalarda ikili standartları da dərindən duyur və idarə etdiyi ölkənin şair və yazıçılarının, ssenarist və rejissorlarının hazırki situasiyada ədəbiyyat üzrə Nobel mükafatına, kino üzrə Oskar ödülünə layiq görülmələri üçün cəhdlərin yetərli olmayacağını hiss edir. Konkret zaman intervalında dövlətin nə gənc ədiblərin potensialını üzə çıxarmağa hesablanmış, nə də yaşlı nəsil ədiblərin keçmiş xidmətlərinə minnətdarlığının ifadəsi olan qərarları tam səmimi və (və ya) tam adekvat olmaya bilər. Bu nöqteyi-nəzərdən, perspektivinə inanmadığı, ideologiyaya xidmət etmək istəməyən bu günün gənc yazarını bəsləmək də iqtidar üçün “saatlı bomba” kimi bir şeydir. Çünki yaşı ötdükdən sonra özünün layiq olduğu qiyməti almadığı qənaətinə gələn ziyalının sabahın ziyanlısına çevrilmə ehtimalı istisna deyildir. O başqa söhbətin mövzusudur ki, əgər Əlisa Nicat keçən il 88 yaşında dünyasını dəyişsəydi, bu gün onun dilindən belə ürəkbulandırıcı sözləri eşitməzdik. Həmyaşıdı Əkrəm Əylisli də 20 il əvvəl 68 yaşında ölsəydi, "Daş yuxular" əsərini yazmazdı, Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etməsi ilə ittiham edilməz, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "Xalq yazıçısı" fəxri adından məhrum edilməzdi. Bu kimi məsələlərə daha böyük miqyasda, Türk fəlsəfi fikri rakursundan baxsaq, ilahiyyatçı alim Adnan Oktar (Harun Yəhya) da tez ölsəydi, hamı onun “şeytanın azdırdığı günlərini”n şahidi olmazdı və o, “Quran möcüzələri”nin, “Adamlıq dini”nin müəllifi kimi yaddaşlarda işıqlı izlərlə qalardı.
Şəxsən bu bu qənaətdəyəm ki, ədəbi cameə dövlətdən heç bir vəchlə heç nə ummamalı, yalnız oxucusunun verdiyi qiymətə, əsərlərinin satışından əldə olunan gəlirə bel bağlamalıdır. Əgər ölkə daxilində oxucu auditoriyası yetərincə mütaliəli deyilsə, müəllif bu kəsiri aradan qaldırmağa, əhalinin təhsil səviyyəsinin artırılmasına yönəlik təşəbbüslərin gerçəkləşməsinə var gücü ilə dəstək verməli, bu sahədə mövcud olan naqislikləri deməkdən çəkinməməlidir. Bundan əlavə, özü dünya miqyasına çıxmağa, gərəkirsə xarici dildə yazmağa, tərcümə olunmağa çalışmalıdır. Bu günkü şöhrətə hesablanan yerli səviyyəli fəxri adlar, mükafatlar gələcəkdə yaxşı halda quru statistikaya çevriləcək, yalnız yadigar qalası yaradıcılıq məhsulları müəllifin fiziki cəhətdən həyatda yoxluğu şəraitində artıq “üzü üzdən utanmayan”, qohumbazlığın, yerlibazlığın, korrupsiyanın təzyiqinə məruz qalmayan ədalətli münsiflər tərəfindən həqiqi, layiq olduğu dəyərini alacaq. Necə ki, Səməd Vurğunun həmişəyaşar “Azərbaycan” şeirini dəyərləndiririk, alqışlayırıq.
Hər bir alim, yazıçı, şair, rəssam, bəstəkar, kinomatoqrafçı nəzərə almalıdır ki, mənsub olduğu xalqın elmi dünya elminin, mədəniyyəti dünya mədəniyyətinin, ədəbiyyatı dünya ədəbiyyatının, incəsənəti dünya incəsənətinin sivri ucunda gedən proseslərdən bircə addım geri qalırsa, beynəlxalq səviyyədə bu sahələrdə əldə olunan müasir nailiyyətləri dəbdə olan trendlər qoşulmaq yolu ilə bir addım qabaqlamağa ümid etməyə dəyməz. Fərqlənmək üçün daha yaxşısı budur ki, ya fantastikanın qanadlarında gələcəyə baxasan, ya da arxaya qanrılıb öz keçmişində, lap elə bu günündə “Çingiz Aytmatovun manqurtunu” axtarıb tapasan.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?