Çərşənbə axşamı ictimai fəal Möhyəddin Orucovun məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı ona yeddi il iş istəyib.
Prokurorun çıxışından öncə sənədlər tədqim olunub və bəzi ziddiyyətlər üzə çıxıb.
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan Orucov bir ildən çoxdur həbsdədir. Ona ittiham verilən Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsində 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Özü isə məhkəmədə ifadəsində deyib ki, anbardar işlədiyi "ATEF" Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə öncə 1 aylıq inzibati qaydada həbs olunub. Azadlığa çıxandan sonra da şirkət rəhbərliyi ilə polisin əlbirliyi, Suraxanı rayonu 32-ci polis bölməsində yaşananlar haqda müsahibəsinə görə narkotiklə şərlənərək bu dəfə uzunmüddətli həbsə göndərilib.
İşçi Masasının üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.
Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?