Fevralın 21-də Bakı şəhəri Xətai Rayon Məhkəməsi ötən gün saxlanılan jurnalist Nurlan Qəhrəmanlı (Libre) barəsində 1.5 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Jurnalistin “Meydan TV” ilə bağlı açılan cinayət işi çərçivəsində həbs edildiyi və “qaçaqmalçılıq”da ittiham olunduğu bildirilir.
Yaxınlarının məlumatına görə, məhkəmə jurnalistin vəkilinin iştirakı olmadan keçirilib.
“Müstəntiq öz vəkilinə zəng vurub ki, məhkəmə prosesi keçirilir. Vəkil isə gözləmələrini istəyib. Müstəntiq gözləyəcəklərini bildirsə də, gözləməyiblər və məhkəmə prosesi öz vəkili olmadan, böyük ehtimal dövlətin təyin etdiyi vəkillə keçirilib. Öz vəkili niyə gözləmədiklərini soruşduqda, bunu hava şəraiti ilə əlaqələndiriblər”, jurnalistin yaxını bildirib və vəkilin bu gün və ya bazar ertəsi jurnalistlə görüşəcəyini əlavə edib.
Nurlan Qəhrəmanlı həbsindən əvvəl çəkdiyi videomüraciətdə mümkün həbsi barədə danışaraq jurnalist fəaliyyəti ilə məşğul olduğunu və heç bir səhv iş görmədiyini deyib.
“6 ilə yaxındır müstəqil jurnalist fəaliyyəti ilə məşğulam. İndiyə kimi onlarla reportaj hazırlamışam, insan hüquqları pozuntularını hesabatlara salmışam, seçki saxtakarlıqlarını cəmiyyətə çatdırmışam, səssizlərin səsi olmuşam. Heç vaxt hazırladığım reportajlara görə peşman olmamışam”, Qəhrəmanlı deyib.
“Portağal Media”nın təsisçisi, jurnalist Nurlan Qəhramənlı (Libre) fevralın 20-də günorta saatlarında Bakıda polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Yaxınlarının yaydığı məlumata görə, jurnalist Bakıda saxlanıldıqdan sonra Sumqayıtda yerləşən evinə aparılıb və evində axtarış keçirilib.
Nurlan Qəhrəmanlı daha əvvəl bir neçə dəfə saxlanılıb, inzibati həbs cəzalarına məhkum edilib və təzyiqlərə məruz qaldığını bildirib.
Jurnalist 2023-cü ilin sentyabrın 13-də Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılmış və DTX-da müharibə əleyhinə yazdığı paylaşımlarına görə təhdid olunduğunu bildirmişdi. DTX-dan Amerikanın Səsinə həmin iddia ilə bağlı cavab verilməmişdi.
Nurlan Qəhrəmanlı 2023-cü ilin sentyabrın 21-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham edilərək 30 sutka inzibati həbs cəzasına məhkum edilmişdi.
Azərbaycanda 2023-cü ilin sonralarından başlayaraq 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.
Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.
Ancaq yerli hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 350-dən çox siyasi məhbusun olduğunu qeyd edirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?