Azərbaycanda fevralın 20-dən hökm sürən qarlı hava şəraiti paytaxt da daxil olmaqla ölkəboyu yol qəzalarına səbəb olub və infrastrukturu iflic edib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi açıqlamaya əsasən, fevralın 20-də ölkə ərazisində 9 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb, lakin ölüm və ağır xəsarət halları baş verməyib.
"Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qarlı və buzlu yollar nəqliyyatın təhlükəsiz hərəkətinə təsir göstərir. Bununla əlaqədar, yol polisi sürücülərə və piyadalara müraciət edərək diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır”, deyə o bildirib.
Qəzaların bəzilərinin görüntüləri sosial şəbəkələrdə yayılıb. Məsələn, bir videoda Zaqatala rayonunun mərkəzindən Muğanlı kəndinə işləyən marşrut avtobusunun Dağlı kəndi ərazisində yoldan çıxaraq aşdığı görünür. Həmçinin, paytaxtın Ziya Bünyadov və Heydər Əliyev prospektlərində yük avtomobillərinin iştirakı ilə baş vermiş qəzalar da kameralara əks olunub.
Səhiyyə Nazirliyinin məlumatına əsasən isə, nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna fevralın 20-dən etibarən qarlı hava şəraiti ucbatından alınan xəsarətlərlə əlaqəli olaraq 55 nəfər müraciət edib. Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, yalnız 2 nəfərə isə cərrahi müalicə tətbiq olunub.
APA-nın verdiyi məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov ölkə ərazisində şaxtalı hava şəraitinin hələ bir neçə gün də davam edəcəyini bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?