Yaxınlarını Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşə buraxmayıblar.
Bu haqda Turana gənc fəal Samir Əsədli xəbər verirb.
Onun sözlərinə görə, bir neçə başqa gənc fəalla birgə Əfqan Muxtarlı ilə görüşə gediblər.
“Əfqanın ailəsi bizə onunla görüşmək, ərzaq, dava-dərman aparmağımız üçün etibarnamə verib. Bu etibarnamə bizə tam olaraq görüş hüququ verir. Ancaq yenə də bizi görüşə buraxmadılar”, S.Əsədli bildirib.
O, ötən həftə sonunda da Bakı İstintaq Təcridxanasına getdiklərini, ancaq görüşə buraxılmadıqlarını yada salıb.
“Təcridxana deyirdi ki, istintaqı aparan müstəntiq məktub verməlidir. Müstəntiq deyir, görüşə icazə üçün təcridxanaya məktub göndərmişik. İndi də təcridxanadan deyirlər ki, məktub gəlməyib, ona görə də görüş vermirik”.
S.Əsədli Ə.Muxtarlı üçün apardıqları elektrik qızdırıcısının da qəbul edilmədiyini söyləyib.
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, rəsmi qurumların açıqlamasına görə, jurnalist saxlanarkən hüquq mühafizə orqanları əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.
Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?