Həbsdə olan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli saxlanma şəraitindən şikayətçidir. O, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanır.
Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları ilə cinayət işinə başlayıb.
Dekabrın 10-da Pərviz Həşimlinin vəkili Yalçın İmanov “Media forum” saytına deyib ki, məhbus milli təhlükəsizlik naziri Eldar Mahmudova məktubla müraciət edib. Müraciətində o, ailə üzvləri ilə görüşməsinə və onlarla mütəmadi telefon əlaqəsi saxlamasına şərait yaradılmasını xahiş edib.
Bundan əvvəl Pərviz Həşimli Milli Məclisin deputatları Azay Quliyev, Rəbiyyət Aslanova və Çingiz Qənizadəni MTN-in istintaq təcridxanasına dəvət edib. Onun sözlərinə görə, bu dəvətində məqsədi odur ki, deputatlar qəbul etdikləri qanunların icra edilmədiyinə şahid olsunlar.
Dekabrın 11-də Çingiz Qənizadə “Media forum” saytına deyib ki, Pərviz Həşimlinin onları istintaq təcridxanasına dəvət etdiyindən xəbərdardır: “Müraciət varsa, araşdıracağıq. Əgər Pərviz Həşimli ilə görüşməyə zərurət olsa və istintaq orqanı bu görüşə razılıq verərsə, onunla görüşə gedəcəyik. Hər saxlanılan şəxslə gedib görüşmək səlahiyyətinə malik deyiləm. Yaxın günlərdə bunu müzakirə edəcəyik”.
Çingiz Qənizadə əlavə edib ki, saxlanma yerlərindəki şəraitin standartlara uyğun olmaması yolverilməzdir: “Amma inanmıram ki, MTN-in istintaq təcridxanası hansısa normalara zidd olsun”.
Qeyd edək ki, Pərviz Həşimli saxlanma yerinin dəyişdirilməsi, MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün Səbail Rayon Məhkəməsində iddia da qaldırıb. İddiaya bu ay baxılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?