Dünya maliyyə bazarları bu həftə ABŞ Federal Ehtiyat Sisteminin (FED), Avropa Mərkəzi Bankının (ECB), Yaponiya Mərkəzi Bankının (BoJ) və Britaniya Mərkəzi Bankının (BoE) rəhbərlərinin açıqlamalarına görə öz trendini müəyyən edəcək.
Bu gün ECB rəhbəri, sabah, yəni iyunun 27-də FED rəhbəri, iyunun 28-də BoE, BoJ və ECB rəhbərlərinin və FED Açıq Bazar Komitəsinin (FOMC) üzvü Con Uilyams və Patrik Xarkerin çıxışları olacaq. Çərşənbə günü isə digər FOMC üzvü Nil Qaşkarinin çıxışı gözlənilir.
Qeyd edək ki, maliyyə bazarları əsasən FED rəhbərinin və FOMC üzvlərinin ABŞ iqtisadiyyatı ilə bağlı fikirlərini diqqətlə izləyəcək. Belə ki, bu çıxışlar FED-in bu il uçot dərəcəsini artırıb artırmayacağını və monetar sərtləşdirmə tədbirlərinə nə vaxt başlayacağını ehtimal etmək imkanı verəcək.
İqtisadi göstəricilər arasında ən maraq kəsb edən ABŞ-da fiziki şəxlərin gəlir və xərcləri, Almaniyada işgüzar mühit indeksi (İFO), pərakəndə satışlar və məşğulluq olacaq.
Britaniyada isə həmçinin siyasi proseslər diqqət cəlb edəcək. Britaniya baş naziri Tereza Mey bu həftə ərzində Demokrat yunionist partiya ilə razılıq əldə etməsə öz kürsüsünü itirəcək. Bu isə funt sterlinqin kəskin ucuzlaşmasına səbəb ola bilər./report/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?