Ermənilərin atdığı bombalardan sarsıntı keçirdiyini deyən ata qızını öldürüləndə özündə olmadığını açıqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində 15 yaşlı qızını öldürməkdə təqsirli bilinən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İttihama gərə, Nəsib Cabbarov qızının əxlaqsızlıq etdiyini əsas gətirərək qızını amansızlıq öldürüb. Qətl hadisəsi ötən ilin iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən mərhumun atası Nəsib Cabbarov tutulub.
Məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanı qısqanclıq zəminində gecə yatdığı yerdə bıçaqla qətlə yetirib.
Nəsib Cabbarov bacısı Zəhra Əliyevanın evində olan qızlarının yanına gedib. Axşam qızlarının yatdığı otağa girərək qapını içəridən bağlayıb.
Əlində olan bıçaqla qızı Aygünə zərbə vurub. Yuxudan aylan Aygün atasına yalvararaq müqavimət göstərib. Digər çarpayıda yatan Süra Cabbarova da bacısının səsinə oyanıb. Süra atasına yalvarıb ki, bacısını öldürməsin. Amma o buna məhəl qoymayaraq qızına daha bir neçə zərbə endirib.
İstintaqın gəldiyi nəticəyə görə, Nəsib Cabbarov qızının əxlaqsızlıq etməsi haqda söz-söhbəti qohumu Rövşən Cabbarovdan eşidib.
Nəsib Cabbarov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz
vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilir.
Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə ifadə verən Nəsib Cabbarov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, 2016-ci ilin aprel hadisələrində Ağdam istiqamətində gedən döyüşlərdə evlərinə və qonşuların həyətinə düşən bombalardan sonra sarsıntı keçirib: “Evimizin yanına bomba düşdü. Nə olduğun bilmirəm. Qonşuların evi dağıldı, mən özümdə deyildim. O vaxtdan özümü idarə edə bilmirəm. Nə etdiyimi, nələr yaşadığımı bilmirəm. Bakıya niyə gəldiyimi, necə gəldiyimi bilməmişəm”.
Nəsib Cabbarov qızımı niyə öldürdüyünü izah edə bilməyib: “Qızım heç vaxt əxlaqsız hərəkət etməyib. Başım özümdə olmayıb. Qızımın heç bir pis hərəkəti olmayıb. Mən onu min əziyyətlə böyütmüşəm. Hadisənin necə olduğunu bilmirəm”.
Hakim Nəsib Cabbarova xatırladıb ki, o, istintaqa ifadəsində qızını namus üstündə öldürdüyünü deyib. Lakin Nəsib Cabbarov məhkəmədə qızının heç bir səhv hərəkətinin olmadığını, istintaqda nə dediyini bilmədiyini deyib.
Nəsib Cabbarov da Rövşəndən qızı haqda nalayiq ifadələr eşitdiyini xatırlamadığını söyləyib: “Mənim övladlarım elə hərəkət etməz. Mən xatırlamıram ki, Rövşən mənə nə deyib”.
Şahid qismində ifadə verən Rövşən Cabbarov bildirib ki, Nəsib Cabbarov onun həyat yoldaşının dayısıdır. Rövşən bildirib ki, Nəsib Cabbarov aprel döyüşləri zamanı xəsarət alıb, psixoloji sarsıntı keçirdiyi üçün özündə olmayıb.
Nəsib Cabbarovun bacısı Zəhra Əlyarovanın sözlərinə görə, qardaşı çox yaxşı adamdır: “Qardaşımın ailəsi də namuslu olub. Qardaşıma canım qurban. Qardaşım 2016-ci ildə həyətlərinə mərmi düşəndə Ağdamda başından xəsarət aldı. Nə oldusa bundan sonra oldu. Həmişə qorxurdu ki, qızlarına nəsə olar. Qızlarını Bakıya bizə göndərmişdi. Deyirdi ki, mənə nəsə olsa, qızlarım sənə əmanətdir. Qardaşım özünü idarə edə bilmirdi. 2-3 dəfə ziyarətgaha apardıq. Fikirləşdik qorxusunu bəlkə götürdülər. həkimə də apardıq, dedilər ki, beyni oynayıb. Onun müalicəsi mümkün olmadı”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?