“Mahmudovçu”lar yüngül cəzalar ala, hətta xəstəlik adı ilə azadlığa çıxa bilərlər
“Qara kəmər” əməliyyatı da eynən “MTN işi” kimi başlamışdı. İllərlə bağlı qalan, orda-burda pıçıltı ilə danışılanların həqiqət olması bir əməliyyatın keçirilməsi ilə təsdiqlənmişdi.
“Qara kəmər” böyük cinayətlərin gizlədildiyi qara çuvalın dibindən bir balaca sökük əmələ gətirmişdi. İçəri qaynayırdı. Öldürülənlərin, oğurlananların ah-nalə səsləri daha yüksəkdən eşidilməyə başlamışdı. Ölkəni silkələyən sensasion məlumatlar sel kimi gündəmə gəlmiş, illərə yetəcək qədər müzakirələrə yol açmışdı. Uğurlu əməliyyat sonrası baş verənlər isə həmin “qara çuvala ağ sapla yamaq vurulmağa” bənzəyirdi. Tutulanların bir çoxunun günahsızlığı da əməliyyatdan çox sonra məhkəmədə bəlli oldu. Aydın oldu ki, Eldar Mahmudov əməliyyatdan öz şəxsi konfliktlərini çözmək, maraqlarını təmin etmək məqsədi ilə eninə-geninə faydalanıb. Amma bu, məhkəmədə nəyisə dəyişmədi. Məhkəmə qarşısına çıxarılan hər kəsə ittihamedici hökm çıxarıldı. Bilirdilər ki, adamlar günahsızdırlar, ömürlük hökm oxumaqdan çəkinmirdilər. Əməliyyata rəhbərlik edən Eldar Mahmudov Hacı Məmmədovu sıradan çıxardı, onun yerini özü tutdu. 10 il ərzində sahibkarlar, məmurlar böyük basqı altında yaşamalı oldular, mal-mülkləri əllərindən alındı, bir çoxları xəstəlik tapdı, öldü, öldürldü. Və günlərin birində Eldar Mahmudovun özünə qarşı “Qara kəmər” sayağı əməliyyat keçirildi. Özü işdən qovuldu. Bu əməliyyatdan sonra sahibkarlarda, məmurlarda, cəmiyyətdə böyük ümidlər yaranmışdı. Hər kəs özünə qarşı törədilən cinayətlərin araşdırılacağına, cəmiyyət isə nəhayət ki, haqq-ədalətin bərpa ediləcəyinə ümidlənmişdi. Hətta Hacı Məmmədovun özü belə Eldar Mahmudovun ona qarşı qanunsuzluqlardan şikayətlərini ictimailəşdirmişdi. Vəkil tutub Ali Məhkəməyə müraciət etmişdi. Tələb edirdi ki, “Qara kəmər” əməliyyatının istintaqı təzədən aparılsın. H.Məmmədovun ailə üzvləri belə çıxış edib deyirdilər ki, ən böyük cinayətkar Eldar Mahmudovun özü olub, 10 il Hacı Məmmədovu şəxsi girovluğunda saxlayıb. Onlar da Hacı Məmmədova qarşı törədilən cinayətlərin araşdırılmasını tələb edirdilər. Olmadı. Hacı Məmmədovun Ali Məhkəməyə müraciətini sadəcə, təmin etmədilər. Həmin günlərdə Eldar Mahmudov aylar idi ki, vəzifədən çıxarılmış, onun işçilərinin bir qismi həbs olunmuşdu. Belə aydın olurdu ki, E.Mahmudovun itirdiyi təkcə kreslosu olub. Vəzifəsiz olsa belə, Eldar Mahmudovun məmurlara təzyiq imkanları qalmaqdadır. Bu gün onun işçilərinin - çiyinlərində general paqonu daşıyan, bazar davalarına həvəslə girişən “mtnşik”lərin məhkəməsi keçirilir. İzləyənlər bilir ki, “mahmudovçu”lar ittiham edilən tərəf olsalar da, əvvəllər olduğu kimi ötkəmdirlər. İstintaq dövründəki sükütlarından əsər-əlamət yoxdur. Uca səslə danışırlar, barmaq silkələyib “deyərəm aaa” nidası və ədası ilə hakimə, prokurora meydan oxuyur, zərərçəkənləri “yadındadır, yerinə batırmışdın” “şalvarını islatmışdın” tonunda hədələməkdən də çəkinmirlər. Şəhərdə sonu 009-la bitən, Eldar Mahmudovun adamları olduğu bilinənlər əvvəlki ədaları ilə bahalı maşınlarını idarə etməyə başlayıblar. Məhkəmələrdə “MTN işi” sona çatmaqdadır. Bir çox izləyicilər “mahmudovçu”ların yüngül cəzalar alacağı, hətta xəstəlik adı ilə azadlığa qovuşacaqları qənaətindədirlər. Və belə fikir formalaşıb ki, Eldar Mahmudov hətta vəzifəyə belə qaytarıla bilər.
Belə bir durumda beyinlərdə bir sual fırlanır - bu əməliyyatlar haqq-ədalətin bərpasına xidmət etməyəcəkdisə, keçirilməsinə nə ehtiyac vardı?/musavat.com/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?