Daxili İşlər Nazirliyi (DİN) Memarlıq və İnşaat Universitetinin tələbəsinin qətli ilə bağlı rəsmi məlumat yayıb.
Gündəm Xəbər-in DİN-in Mətbuat xidmətinə istinadən məlumatına görə, iyulun 3-də saat 8:00 radələrində Nəsimi Rayon Polis İdarəsi (RPİ) Post-Patrul Xidmətinin əməkdaşları F.Əmirov küçəsindən ağır vəziyyətdə olan yaralını Təcili Tibbi Yardımla xəstəxanaya çatdırılmasını təmin edib, bu barədə RPİ-nin Növbətçi Hissəsinə məlumat veriblər. İlkin ehtimallara görə, həmin şəxsi avtomobil vurub.
Dərhal əməliyyatçılar xəstəxanaya yollanıblar. Lakin həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Araşdırmalarla onun Qusar rayon sakini Samir Mehdiyev olması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.
22-ci Polis Bölməsinin əməliyyat qrupu hadisə yerində keçirdiyi tədbirlərlə orada 3 nəfər arasında dava-dalaş olması, onlardan ikisinin digər 1 nəfəri döyməsi barədə məlumat əldə edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişənin digər iştirakçıları müəyyən edilərək saxlanılıb, 22-ci Polis Bölməsinə gətiriliblər. Araşdırmalarla onların əvvəllər məhkum olunublar - Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov olmaları müəyyən edilib.
Ətraflarında aparılmış tədbirlərlə şübhəli şəxslərin tikinti şirkətlərindən birinin ərazisindən oğurluq etməyə cəhd göstərdikləri zaman aralarında yaranmış münaqişə zəminində orada gözətçi işləyən S.Mehdiyevi döymələri və ağır yaralı vəziyyətdə hadisə yerində qoyub qaçmaları müəyyən edilib. Faktla əlaqədar başlanılmış cinayət işi Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Qeyd edək ki, S.Mehdiyev Memarlıq və İnşaat Universitetinin tələbəsi olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?