Həyat yoldaşını qətlə yetirməkdə günahlandırılan Ələkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.
Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında arvadını xüsusi amansızlıqla, əzab verərək öldürən Ələkbər Quliyevə cəza istəyib. Dövlət ittihamçısı Ələkbər Quliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses iyulun 27-nə təyin edilib.
İttihama görə, qətl bu il martın 24-də Yasamal rayonu "Qanlıgöl" ətrafında baş verib. Həmin ərazidə kirayədə yaşayan 43 yaşlı Ələkbər Quliyev qısqanclıq zəminində 42 yaşlı həyat yoldaşı Firuzə Quliyevaya küçənin ortasında çoxsaylı bıçaq xəsarətləri yetirib. 10-dan çox bıçaq zərbəsi alan Firuzə Quliyeva hadisə yerində keçinib. Cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Ələkbər Quliyev könüllü polisə gələrək təslim olub.
İlkin dindirmələr zamanı təqsirləndirilən şəxs həyat yoldaşını yad kişi ilə gördüyünü deyib. Səbəbini soruşduqda qadın onun tanışı olduğunu deyərək, ərinə "işinlə məşğul ol" söyləyib. Həyat yoldaşının etinasızlığından qəzəblənən Ələkbər Quliyev bıçaqla arvadının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirməyə başlayıb.
Ələkbər Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham olunur. / Publika.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?