"Həbs edilməyimdən əvvəl mənə xəbərdarlıqlar edirdilər, tənqidi şerlərimlə bağlı. Yoxsa, yaxşı olmayacağını deyirdilər. Elə buna görə də şərləyib həbs elədilər".
Bu gün, iyulun 25-də Ali Məhkəmədə keçirilən məhkəməsində həbsdəki satirik şair Tofiq Həsənli belə deyib. Ali Məhkəmə narkotik ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən satirikin kassasiya şikayətinə baxıb. Açıq keçirilən məhkəmə prosesində T.Həsənli aşağı məhkəmələrin barəsində çıxardığı qərarların hamısının qanunsuz olduğunu deyib. "Mənim vəkillərimin məhkəmələrdəki xahişlərinin, vəsatətlərinin heç biri təmin edilmədi. İşimi ədalətlə araşdırmadılar. Mən şair adamam, narkotiklə şərlədilər. Narkotiki kimə satmışam, kimdən əldə etmişəm, heç birini tapmadılar. Elə istintaq nə yazmışdısa, təsdiqlədilər". Həbsinin hansısa məmur, ya da elə hökumətin işi olduğunu vurğulayan satirik-şair məhkəmə heyətindən barəsindəki qərarların ləğv edilməsini, azad olunmasını xahiş edib. T.Həsənlinin vəkillərindən Zibeydə Sadıqova kassasiya şikayətini müdafiə edib. O, satirik barəsədə hökmün qanunsuz və əsassız olduğunu, ona qarşı irəli sürülən ittihamların heç birinin təsdiqini tapmadığını bildiriərək, T.Həsənli barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Ancaq hakim İmran Hacıqayıbovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti rədd edib. Vəkil Z.Sadıqova məhkəmədən sonra AzadlıqRadiosuna qərarın qanunsuz olduğunu, yaxın günlərdə Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirib. Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin olunmayıb. T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır. 2005-ci ildə də o, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb. T.Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan "Azərbaycan saatı" proqramında tənqidi şerləri oxunurdu./muxalifet.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?