Abbas Hüseynova qarşı işgəncələrlə əlaqədar Baş prokurora, Ombudsmana və məhkəməyə müraciət olunub
Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun Qobustandakı qapalı həbsxanada işgəncəyə məruz qalması haqda söylədikləri ilə əlaqədar Baş prokuror Zakir Qaralova müraciət olunub. Bu haqda “Azadlıq.info”ya Abbas Hüseynovun vəkili Yalçın İmanov məlumat verib. Vəkil bildirib ki, prokurorluğa ərizəsində Abbas Hüseynovun işgəncə haqda söylədikləri öz əksini tapıb. Baş prokurordan da deyilənlərin araşdırılması, Qobustan həbsxanasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanması xahiş olunub. Müdafiəçi eyni zamanda, Ombudsman Aparatına da müraciət edib. “Qanuna görə, əgər araşdırma zamanı hansısa vəzifəli şəxsin əməlində qanunsuzluq aşkarlanarsa, Ombudsman həmin şəxsin cəzalandırılması üçün öz təşəbbüsü ilə müvafiq orqana müraciət edə bilər. Biz də Ombudsmana ərizəmizdə xahiş eləmişik ki, bu səlahiyyətindən istifadə eləsin. Abbasın dedikləri araşdırılsın, ona işgəncə vermiş, qeyri-insani rəftara məruz qoymuş şəxslərin, o cümlədən həbsxananın rəisinin cəzalandırılması üçün prokurorluğa müraciət olunsun”, – deyə Yalçın İmanov bildirib. Vəkil eyni zamanda, məhkəməyə də müraciət edib. Qaradağ Rayon Məhkəməsinə təqdim olunan ərizədə Abbas Hüseynova münasibətdə Avropa Konvensiyasının 3-cü (işgəncə) maddəsinin pozuntusunun tanınması, həmçinin Abbas Hüseynov barəsində təcili məhkəmə-tibb ekspertizasının təyin edilməsi istənilib. Müdafiəçi deyir ki, Abbas Hüseynovun üzərindəki işgəncə izləri itməmiş o, ekspertizadan keçirilməlidir. Nardaran məhbusu Abbas Hüseynov avqustun 8-də vəkili ilə görüşdə deyib ki, iyulun 22-də Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasından Qobustan həbsxanasına gətirilən kimi burada işgəncələrə məruz qalıb. Məhbusun sözlərinə görə, onu açıq havada, 40 dərəcə istidə dəmir dirəyə bağlayıb, döyüblər. Ardınca həbsxananın rəisi Avtandil Ağayev onu öz otağında əlləri qandallı vəziyyətdə saxlayaraq, dəyənəklə döyüb. Daha sonra soxulcanlarla dolu olan cərimə təcridxanasına (“kars”) salıblar. Vəkil də Abbas Hüseynovla görüş zamanı onun üzərində xəsarət izləri gördüyünü deyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?