Avtobus sürücüsü onu döyən general oğlundan şikayətçi deyil.
Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Prosesdə məhkəmə istintaqı başa çatmayıb. Buna səbəb iş üzrə dindirilməyən bir şahidin qalmasıdır.
Həmin şahidin məhkəmədə dindirilməsi təmin ediləcək. Şahidlərin dindirilməsi mərhələsi başa çatandan sonra da sənədlərin tədqiqi mərhələsi başlayacaq. Daha sonra məhkəmə istintaqının başa çatması müzakirə ediləcək.
General oğlunun vəkili Kamandar Nəsibov onu da qeyd edib ki, zərərçəkmiş Sənan Səmədov məhkəməyə ərizə ilə müraciət edib: "O, təqsirləndirilən şəxslərin heç birindən şikayət və tələbinin olmadığını deyib. O, məhkəmədə qeyd etdi ki, hadisə zamanı təqsirləndiriləndən Pərvizlə Kənanın heç bir iştirakı olmayıb".
Bildirək ki, Pərviz və Kənan general oğlunun dostlarıdır və hadisə zamanı onun avtomobilində olublar. Onların barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.
Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına səbəb olub. O, insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Məlumata görə, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Bu hadisədən sonra R.Orucovun atası, general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?