Tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədovun işi üzrə məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsində dünən də davam etdirilib.
Bir gün əvvəlki məhkəmə iclasında yol-nəqliyyat hadisələri üzrə ekspert Polad İsmayılov dindirilmiş, lakin onun ifadəsi yarımçıq qalmışdı. İsmayılovun dindirilməsi dünənki məhkəmə iclasında davam etdirilib.
Virtualaz.org azadliq.info-ya istinadən xəbər verir ki, dindirmə başa çatandan sonra Qurban Məmmədov nə tibbi ekspertin, nə də yol-nəqliyyat hadisəsinin ekspertizasını həyata keçirmiş ekspertin rəyi ilə razı olmadığını bildirib. O, yenidən hər iki hal üzrə ekspertiza keçirilməsi, həmçinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb.
Prokuror ənənəvi olaraq, vəsatətlərin təmin olunmamasını istəyib. Elə məhkəmənin vəsatətlərlə bağlı qərarı da gözlənildiyi kimi, prokurorun mövqeyinə uyğun olub - vəsatətlərin heç biri təmin olunmayıb.
Bundan sonra hakim məhkəmə istintaqının yekunlaşdığı haqda qərarı açıqlayıb. Çıxışa hazırlaşmaq üçün tərəflərə bir həftə vaxt verilib. Növbəti məhkəmə iclası noyabrın 28-də keçiriləcək. Həmin iclasda prokuror çıxış edərək, Qurban Məmmədova cəza istəyəcək.
Xatırladaq ki, Qurban Məmmədov yol qəzası nəticəsində vətəndaşa xəsarət yetirməkdə ittiham olunur. Amma yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Qurban Məmmədovun həbsinin siyasi motivli olduğunu bəyan edirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?