Nardaran hadisələrindən sonra həbs olunub, terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa 10-dan artıq ağır maddələrlə suçlanan daha bir qrupun bir ilə yaxındır davam edən məhkəməsi yekunlaşmaq üzrədir.
gundemxeber.az-ın AzadlıqRadiosu-na istinadən məlumatına görə, aralarında "Müsəlman Birliyi" Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımovun da olduğu 12 nəfərə prokuror ümumilikdə 166 il həbs cəzası istəyib.
Şərti olaraq, "Nardaran işi-2" adlandırılan bu məhkəmə prosesi 2017-ci ilin yanvarından başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Dekabrın 15-də məhkəmədə prokuror çıxış edib. Deyib ki, təqsirləndirilən şəxslərə elan olunmuş ittihamlar məhkəmədə sübuta yetirilib. İttihama görə, onlar Azərbaycanda dövlət çevrilişinə cəhd ediblər, silah-sursat saxlayıblar.
Dövlət ittihamçısı çıxışının sonunda təqsirləndirilən şəxslərdən Elçin Qasımov və Ağaəli Yəhyayevin hər birinə 16 il, Nahid Qəhrəmanov, Ramil Əliyev, Elgün Axundov və İsa İbrahimovun hərəsinə 14 il, qalan 6 nəfərə - Vüsal Alışlı, Fərhad Muradov, Seymur Aslanov, Seyfəddin Şirvanov, Əli Şahmazov və Əmirəli Əliyevə isə 13 il həbs cəzası verilməsini təklif edib.
Məhkəmə dekabrın 22-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək.
Xatırlatma
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.
Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Ağır cinayətlərdə ittiham olunan Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Bağırov və onun müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı “Facebook” səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.
Bu günlərdə şərti adı “Nardaran-3” olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, M.Quliyev 13 il, M.Məmmədov 12 il 3 ay, E.Bünyadov 12 il 3 ay, E.Ağayev 13 il, E.Həsənov 12 il 3 ay, F.Allahverdiyev 13 il, R.Seyfullayev 13 il, M.İbrahimov 13 il, R.İsmayılov 15 il, C.Əliyev 14 il azadlıqdan məhrum edilib.
“Nardaran məhbusları” məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.
Bu yaxınlarda daha az cəza alan “Nardaran məhbusları”ndan 18 nəfər vaxtından əvvəl məhkəmənin qərarı ilə azadlığa çıxıb. Onların bəzilərinin həbs müddətinin başa çatmasına saylı günlər qalmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?