Binəqədidə 16 mərtəbəli yanğın olan binanı üzləyən iş adamlarının vəkilləri danışacaq
Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. Fərid Nağıyev deyib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmədə sübuta yetirilib. Binanın qəsdən yandırılması haqda təqsirləndirilən şəxslərin və onların vəkillərinin məhkəmədə səsləndirdikləri fikirlərin inandırıcı olmadığını deyən prokurorun sözlərinə görə, bu versiyanı təsdiqləyən hər hansı sübut da ortaya qoyulmayıb.
İttihama görə, yanğın binaya bitişik birmərtəbəli tikilinin üstündəki zibil yığınından başlayıb. Binaya vurulmuş poliuretan üzlüklər tezalışan material olduğundan yanğın sürətlə yayılıb və ağır nəticələrə səbəb olub.
Prokuror çıxışının sonunda təqsirləndirilən şəxslərdən binanı üzləmiş “Global Construction” və həmin poliuretan üzlükləri istehsal edən “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudova 10 il, “Global Stone”un keçmiş baş direktoru Uğur Bəşirova 8 il, “Global Construction”ın sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov və Binəqədi rayon Mənzil Təsərrüfat Birliyinin sabiq rəisi Ədalət Rəcəbovun hər birinə 7 il, binanın yerləşdiyi ərazi üzrə 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin keçmiş rəisi Nizami Orucov,
Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri, BDU-nun müəllimi Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin keçmiş baş direktoru Akif Əlibəyovun hər birinə 5 il həbs cəzası verilməsini təklif edib.
Ağacavad Məmmədov və Akif Əlibəyov hazırda həbsdə deyil. Prokuror onların məhkəmə zalında həbs olunmasını istəyib. Dekabrın 27-də keçiriləcək növbəti məhkəmə iclasında vəkillər çıxış edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?