Siyasi Məhbusların Monitorinqi Mərkəzi Nardaran hadisələri üzrə təqsirləndirilən iki qrup barəsində uzunmüddətli azadlıqdan məhrumetmə hökmlərini pisləyib.
"Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl ərəfəsində gözlənilən əvf yerinə Nardaran hadisələri üzrə təqsirləndirilən iki qrup barəsində amansız hökmlər çıxarılıb. Onlar 12 ildən 15 ilə qədər azadlıqdan məhrum edilib", hüquq müdafiə təşkilatının sədri Elşən Həsənov bildirib.
Onun sözlərinə görə, "Nardaran işi-2" və "Nardaran işi-3" üzrə 24 nəfər, o cümlədən "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və məşhur ilahiyyatçı Zülfüqar Mikayılov həbs edilib.
Bu arada, həbs olunanlar arasında "Müsəlman Birliyi" hərəkatı ilə əlaqəsi olmayan şəxslər də var.
Həsənovun sözlərinə görə, ibtidai istintaq və məhkəmə prosesləri Avropa İnsan Hüquqları Konvensiyasının kobud şəkildə pozulması ilə keçirilib. Bir çox təqsirləndirilən şəxs səmərəli hüquqi müdafiədən məhrum edilib. 20-dən çox təqsirləndirilən şəxsi cəmi 4 vəkil müdafiə edib, onların vəsatətləri təmin edilməyib, işgəncə şikayətlərinə baxılmayıb, hüquq müdafiəçilərinin məhkəmələrdə iştirakı isə məhdudlaşdırılıb.
Siyasi Məhbusların Monitorinqi Mərkəzi sözügedən işlərdə təqsirləndirilən şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan edilməsi), 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ), 7-ci (müstəsna olaraq qanun əsasında cəzalandırma) və 13-cü (səmərəli hüquqi müdafiə vasitəsi hüququ) maddələrində zəmanət verilmiş hüquqlarının pozulduğunu müəyyən edib.
"Çıxarılmış hökmləri hüquqi cəhətdən əsassız və siyasi motivli hesab edirik. Həbs edilən şəxslərin azad edilməsini tələb edirik", deyə bəyanatda bildirilir.
"Nardaran hadisələri" üzrə mühakimə olunan şəxslər yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb, deyə sənəddə bildirilir.
26 noyabr 2015-ci il tarixində polis Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib, əməliyyat zamanı "Müsəlman Birliyi" hərəkatının lideri Taleh Bağırzadə və onun tərəfdarlarından ibarət qrup həbs edilib.
Bundan sonra Bakıda və digər bölgələrdə "Müsəlman Birliyi" Hərəkatının fəalları və tərəfdarları həbs edilib, onlar terrorizmdə, qanunsuz silah saxlamaqda, konstitusiya quruluşunu zorla dəyişdirmək cəhdində, polisə müqavimət göstərməkdə və s. ittiham olunublar./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?