Parlament Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini müzakirəyə çıxarıb.
Məruzəni Ədliyyə Nazirinin müavini Vilayət Zahirov təqdim edib.
Nazir müavini qeyd edib ki, Milli Məclis 2017-ci ildə Bələdiyyələrin statusu haqqında qanuna dəyişikliklər edib, bələdiyyələrlə bağlı bir sıra qanunverici dəyişikliklər həyata keçirilib. Vilayət Zahirov vurğulayıb ki, bələdiyyələrin hüquqi maarifləndirilməsi daima Ədliyyə Nazirliyinin diqqətində saxlanılıb.
Hesabatda qeyd edilir ki, 2017-ci ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçib və onların qanunvericiliyə uyğunluğu yoxlanılıb. Bu aktların böyük əksəriyyəti qanunvericiliyə uyğun olub. 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə tövsiyələr verilib, 741 akt ləğv edilib və 714 akt dəyişdirilib. Bələdiyyə aktları yoxlanılarkən torpaq qanunvericiliyinin pozulması halları müəyyən edilib və 2636 hektar torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən olunub. Bu torpaqların bələdiyyələrə qaytarılması istiqamətində tədbirlər görülüb. Bələdiyyələrlə bağlı 24 fakt üzrə materiallar toplanılıb və müvafiq hüquq-mühafizə orqanlarına göndərilib. Qanun pozuntuları torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, həmin icarədən alınan vəsaitin bələdiyyə büdcəsinə ödənilməməsi, təmir işləri ilə bağlı bələdiyyə vəsaitlərinin mənimsənilməsi, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı olub. Bu faktlarla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb. Hesabatda bildirilir ki, ümumilikdə ötən il torpaq qanunvericiliyinin pozulması halları 2016-cı ilə nisbətən 3 dəfədən çox azalıb.
Həmçinin 78 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.
Sorğu
Yeni dizaynımız necədir?