Xəzər rayonunda zorlama hadisəsi baş verib. Bu, fevral ayında Bakı ərazisində qeydə alınmış sayca dördüncü zorlama faktıdır.
Xəzər rayon hüquq-mühafizə orqanlarının məlumatına görə, 42 yaşlı Buzovna qəsəbə sakini İ.Z. bu barədə polis bölməsinə şikayət edib.
Qadın ərizədə göstərib ki, fevralın 11-də, saat 11:30 radələrində öz fərdi evində cinayət qurbanı olub. Cinayətin 1969-cu il təvəllüdlü qohumu Z.Z. tərəfindən törədildiyi bildirilir.
Zərərçəkənin sözlərinə görə, həmin şəxs onunla eyni ünvanda yaşayıb. Şübhəli şəxs hələlik saxlanılmayıb, materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib.
Qeyd edək ki, bundan əvvəl, fevralın 8-də Biləcəri qəsəbəsində1998-ci il təvəllüdlü V.F. ögey atası tərəfindən zorlanmışdı. Həmin cinayət də birgəyaşayış ünvanında törədilmişdi.
Zərərçəkənin atalığının əvvəllər AR Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materiallar və əşyaları qanunsuz yayma) ilə mühakimə olunduğu bildirilir. Binəqədi rayon Polis İdarəsinin məlumatına görə, ögey qızını zorlayan şəxs artıq saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Sorğu
Yeni dizaynımız necədir?