Həbsdəki bloger, "Sancaq" səhifəsinin admini Mehman Hüseynovun işinə yenidən Ali Məhkəmədə baxılacaq.
Vəkil Fuad Agayev bildirib ki, müdafiə tərəfinin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti artıq icraata qəbul edilib.
Blogerin şikayəti hakim İmran Hacıqayıbovun sədrlik etdiyi məhkəmə heyətinin icraatına verilib. Ancq məhkəmənin vaxtı hələlik, bəlli deyil.
Məhkəmənin vaxtının yaxın günlərdə elan ediləcəyi bildirilir.
Yuxarı məhkəməyə verilmiş şikayətdə Mehman Hüseynova qarşı ittihamların əsassız olduğu, onun barəsində bəraət hökmünün çıxarılması istənilir.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da onun oğurlandığı güman edilirdi.
Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olub. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Mehman Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.
Jurnalistlər önünə çıxan bloğr polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət edib. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında Mehman Hüseynov 2 il azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.
Ötən ilin sonunda Bakı Apellyasiya Məhkəməsi bloger barəsində aşağı məhkəmənin hökmünü yenidən olduğu kimi qüvvədə saxlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?