Dələduzluğa görə tutulan və hazırda təqaüddə olan MTN polkovniki və digərlərinin məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüqar Güləli dəymiş zərəri ödəmək üçün məhkəmədən sonuncu dəfə vaxt istəyib. Məhkəmə aprelin 13-nə təxirə salınıb.
Xatırladaq ki, prokuror V.Güləliyevin 9 il 6 ay, N.Əliyevin 8 il 6 ay, C.İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, A.İsmayılovun isə 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaşı Rafiq Tahirovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd edərək ondan 89 min 800 manat alıb.
R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə R.Tahirov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, təqsirləndirilən şəxslər zərərçəkmiş Elçin Orucovu polisə işə düzəltmək üçün atası Əkbər Orucovdan 8 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.
Həmçinin, iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alıblar.
İttihama münasibət bildirən V.Güləli özünü təqsirli bilmədiyini deyib.
Xatırladaq ki, həbs edilənlərdən Vüqar Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O, MTN ləğv edilmədən əvvəl təqaüdə çıxıb.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilirlər.
Təqsirləndirilən şəxslərdən üçü- V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Digərləri isə həbsdədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?