Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) Azərbaycan Vəkillər Kollegiyasından Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinin dayandırılması qərarının ləğv edilməsini xahiş edir.
Bu barədə IBAHRI martın 22-də müraciət yayıb.
IBAHRI-nin direktoru Fillip Tahmindjis Vəkillər Kollegiyasının bəzi vəkillərin lisenziyasını dayandırmasını tənqid edib.
“Vəkillərin öz müştəriləri ilə bağlı qərar vermələri Vəkillər Kollegiyasının vəzifəsinə aid məsələ deyil. Əksinə, Vəkillər Kollegiyası vəkillərin müstəqilliyinin qorunmasına yardımçı olmalıdır", o qeyd edib.
IBAHRI-nin həmsədri Hans Korell isə son zamanlar Azərbaycanda vəkillik sahəsində aparılan qanunvericilik dəyişikliklərinə toxunub.
Onun fikrincə, qanunvericiliyə dəyişikliklər və bəzi vəkillərin lisenziyasının alınması hüquqları pozulan qurbanların hüquqi təmsilçiliyini çətinləşdirir.
“Vəkillər öz vəzifələrini yerinə yetirərkən maneələrə, təqiblərə və müdaxilələrə məruz qalmamalıdır”, Korell qeyd edib.
F.Mehdiyevin vəkillik fəaliyyəti bu il yanvarın 22-də dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, F.Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib. Haqqında qərar verilən toplantıda Mehdiyevin özü iştirak etməyib.
F.Mehdiyevin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin mətbuatda dərc olunmuş müsahibəsini yaymağa görə cəzalandırıldığı bildirilir.
“Məni Cahangir Hacıyevin açıqlamasını mətbuata ötürməkdə ittiham edirlər. Halbuki, bu əməldə heç bir qanunsuzluq yoxdur. Hüquqlarını müdafiə etdiyim şəxsin ünvanına ittihamlar, təhqiramiz ifadələr səsləndirilib, onun da cavab vermək, özünü müdafiə etmək hüququ var. Qanunun imkan verdiyi üsullardan istifadə edərək, onu müdafiə etmək vəkil kimi mənim borcumdur”, Mehdiyev bildirib.
F.Mehdiyev C.Hacıyevlə yanaşı, bir sıra ictimai-siyasi fəalların, o cümlədən “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovun, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, həmin partiyanın sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun və digər ictimai-siyasi fəalların vəkilidir./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?