Baş Prokurorun birinci müavini Rüstəm Usubov Vəkillər Kollegiyasına vəkil Nemət Kərimlinin barəsində tədbir görülməsi üçün təqdimat verib.
Bu haqda “Basta”ya məlumat verən Nemət Kərimli bildirib ki, Rüstəm Usubov öz təqdimatında onu Əfqan Muxtarlı işində “içtimaiyyəti çaşdıran” məlumat yaymaqda ittiham edib. “Rüstəm Usubov yazdığı təqdimatda məni internetdə, sosial şəbəkələrdə ictimaiyyəti çaşdıran məlumatlar yaymaqda günahlandırıb, lakin heç bir fakt və ya məlumat təqdim etməyib”, – Nemət Kərimli bildirib. Vəkilin sözlərinə görə, təqdimatda həmçinin iddia edilib ki, Nemət Kərimli Müsavat başqanının müavini Tofiq Yaqublunun istintaqı dövründə də “ictimaiyyəti çaşdıran” məlumatlar yayıb. Nemət Kərimli Baş prokurorluqdan gələn təqdimat əsasında bu gün Vəkillər Kollegiyasının İntizam Komissiyasına çağırıldığını və ondan izahat istənildiyini bildirib. “Sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Ona görə də İntizam Komissiyasına verdiyim qısa izahatda sübut təqdim edilmədiyi üçün bu məsələyə münasibət bildirməyi artıq hesab etdiyimi göstərdim”, – vəkil bildirib. Nemət Kərimli əlavə edib ki, Rüstəm Usubov həmçinin digər müstəqil vəkillər – Asabəli Mustafayev, Fəxrəddin Mehdiyev və Aqil Lahıcovun barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına təqdimat verib. Bundan əvvəl isə Ədliyyə Nazirliyi vəkil Yalçın İmanovun barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına təqdimat vermişdi. Qeyd edək ki, Nemət Kərimli, Asabəli Mustafayev, Fəxrəddin Mehdiyev və Yalçın İmanov daha çox siyasi məhbusların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan vəkillərdir. Vəkil Aqil Lahıcov isə Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin hüquqlarının müdafiəsində prinsipial mövqeyi ilə seçilir. Vəkillər Kollegiyasının bu təqdimatlara nə vaxt baxacağı hələlik məlum deyil. Qanunvericiliyə görə, Vəkillər Kollegiyası bu təqdimatlar əsasında 4 növ qərar çıxara bilər: xəbərdarlıq, töhmət, vəkillik fəaliyyətinin 1 ilədək məhdudlaşması, yaxud Vəkillər Kollegiyası üzvlüyündən xaric etmə.Vəkilin kollegiyadan uzaqlaşdırılması yalnız məhkəmə qərarı ilə ola bilər. Müşahidəçilərin qənaətinə görə, bu təqdimatlar Azərbaycan hakimiyyətinin Vəkillər Kollegiyasını tam nəzarətə götürmək istəyindən xəbər verir. Xatırladaq ki, ötən həftə Azərbaycan məhkəmələrində nümayəndilik institutunun ləğv edilməsi haqqında qanun təsdiqlənib. Müstəqil vəkillərə qarşı bu təqdimatlar hakimiyyətin ümumilikdə vəkillik fəaliyyətinin öz nəzarətinə götürmək istəyinin sübutu kimi qiymətləndirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?