Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısını alıb.
DSX-nin mətbuat mərkəzinin məlumatına görə, “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən Siddiqi Salma və Siddiqi Mujeeb Ur Rehman tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportların həqiqiliyi şübhə doğurub.
“Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi zamanı isə özünü Almaniya vətəndaşı kimi təqdim edənMuhammed Luqman Muhammed Amen pasportunun saxta olmasına şübhələr yaranıb.
Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan keçirilib, pasportların məlumat səhifəsinin dəyişdirilərək saxtalaşdırılması müəyyənləşib. Həmin şəxslərin üzərinə baxış keçirilərkən onlara məxsus birinci halda Pakistan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aşkarlanıb, məqsədlərinin Azərbaycan ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?