Avropa İnsan Hüquqları Məhkəməsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)-nin keçmiş sədri Emin Hüseynovun Azərbaycan vətəndaşlığından çıxarılması ilə bağlı verdiyi şikayət üzrə kommunikasiyaya başlayıb.
Bu barədə vəkil Fariz Namazlı məlumat verib.
Məlumata görə ərizəçi göstərib ki, onun vətəndaşlıqdan çıxarılmağa məcbur edilməsi ilə Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Konvensiyanın 8-ci (Şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (Fikri ifadə etmək azadlığı), 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrini pozub.
Avropa Məhkəməsi hökümətə həmin maddələrin pozuntusunun baş verib-verməməsi ilə bağlı suallar göndərib.
2014-cü ilin avqustunda Hüseynovun rəhbəri olduğu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) prokurorluq axtarış aparıb, avadanlıqlar, sənədlər görtürülüb, ofisin qapıları möhürlənib.
Azərbaycan Xarici İşlər Nazirliyinin 2015-ci ilin fevralında yaydığı açıqlamada deyilir ki, prokurorluq Emin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergidən yayınma) və 308-ci (sui-istifadə) maddələri ilə cinayət işi başlayıb. Bunun əsasında 2014-cü il avqustun 19-da məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.
Emin Hüseynov 2014-cü ilin avqustunda İsveçrənin (həmin vaxt ATƏT-in sədri olub) Bakıdakı səfirliyində sığınacaq almağa məcbur olub.
10 ay ərzində səfirlikdə gizləndiyi dövrdə İsveçrə hakimiyyəti EminHüseynova qarşı təqiblərin dayandırılması ilə bağlı danışıqlar aparıb.
Emin Hüseynov 2015-ci ilin iyununda Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş İsveçrə XİN rəhbərinin təyyarəsi ilə Azərbaycanı tərk edib. Getməzdən öncə vətəndaşlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?