Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı Rövşən Ağayev narkotik alverində şübhəli bilinən şəxsin həbsdən buraxılmasına yardım üçün onun anasından dələduzluq yolu ilə pul almasına görə DTX orqanlarından azad edilib və şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə DTX-nın və Baş Prokurorluğunun yaydığı rəsmi məlumatda deyilir.
Xəbərə əsasən, onunla əlbir olan Şirvan şəhər sakini Mətləb Əmirov Şirvan şəhər sakini Sarayxanım Abdullayevadan sonuncunun oğlu təqsirləndirilən şəxs Xəyal Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul vəsaiti alıblar.
Araşdırmalarla həmçinin S.Abdullayevanın 24 may 2018-ci il tarixdə itkin düşdüyü müəyyən edilib.
Hazırda S.Abdullayevanın itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun aidiyyəti qurumları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DTX-nın məlumatına görə, hadisənin kökü 2018-ci il fevralın 5-ə qədər gedir. Həmin tarixdə, DTX-nın əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr - çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirən Mehman Ağarzayev və Nəriman Sadıqov ifşa edilərək saxlanılıblar.
Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Xəyal Abdullayev yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb.
Hər üç şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?