Paytaxtda bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması faktı üzrə həbs edilmiş Tural Abiyev, Səltənət İbrahimova və Kəmalə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, 1988-ci il təvəllüdlü Tural Abiyev qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girib. O, Səltənət İbrahimova və Kəmalə Hüseynova ilə birgə 2017-ci ilin sentyabr və oktyabr aylarında qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Tramadol 200 mq” adlı dərmanı əldə edib, əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə almadan işlətdiyi Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 74d saylı ünvanda yerləşən “Bizim Aptek”də saxlamasında və 23-24 oktyabr 2017-ci il tarixlərdə həmin aptekdə qanunsuz satdırmasında əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən törədildikdə) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslər özlərini ittiham üzrə təqsirli biliblər.
Sorğu
Yeni dizaynımız necədir?