Bakıda bir neçə nəfəri səyahətə göndərmək adı ilə dələduzluqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Nailə Hüseynova ifadəsində bildirib ki, Sinqapura səyahət üçün G.Şıxıyevaya pul verib: "Ucuz qiymətə səyahət təklif etməsi diqqətimi cəlb elədi, pulu verdim, amma biletləri ala bilmədim”.
Prosesdə zərərçəkmiş "Start travel" turizm şirkətinin təsisçisi və direktoru A.D. da ifadə verib. O, qeyd edib ki, G.Şıxıyeva rəhbərlik etdiyi şirkətə gələrək onunla əməkdaşlıq etmək istəyib .
"Müştəri bazası da var idi. Şirkətə müştərilər də cəlb edirdi. Əvvəlcə nağd işləyirdik. Sonra biletləri sifariş verdikdən sonra ödənişləri etməməyə başladı. Bu problemlər isə həmin ərəfədə yay aylarında, müştərilərin çox olduğu ərəfədə baş verdi. Ödənişləri etmədi, mən dəfələrlə ona zəng edib səbəbini soruşdum. Müxtəlif bəhanələr gətirdi. Atası Oqtay müəllimlə görüşdüm. Keçmiş prokurorluq əməkdaşıdır. O, mənim və zərərçəkmiş Kəmalə xanımın pulunu verəcəyini dedi. Əvvəlcə 5 min dollar ödədi. Dedi ki, obyekti var, oradan aldığı pulla borcları ödəyəcək. Amma sonradan ödəmədi”.
Şirkət rəhbərinin sözlərinə, G.Şıxıyeva onu aldadarkən müştəriləri şirkətə yönləndirib: "Bizə ən çox zərər həmin ərəfədə dəydi. 2-3 ay çox əziyyət çəkdik. Biz müştəriləri inandıra bilmirdik ki, dələduzluq etməmişik. Günel aldatdığı şəxslərə deyib ki, biletləri, sənədləri şirkətdədir”.
Şirkət rəhbəri G.Şıxıyevanın fəaliyyəti haqda əlavə olaraq bildirib ki, ümumilikdə şirkətə 53 min 700 manat zərər dəyib.
Digər zərərçəkmiş Mehriban Əliyeva bildirib ki, Günelin tanışı olan Kamran Əhmədovla işgüzar münasibəti olub:
"Onların arasında sevgi münasibəti vardı. Bu səbəbdən Güneli tanımışam. Sinqapura səyahət üçün Günelə 667 dollar pul vermişəm. Amma məni aldatdı. Bilet işində də eyni vəziyyət oldu. Mən işlə bağlı səfərə gedəcəkdim. Məni bu gün-sabah edərək aldatdı. Min nömrəsi var idi. Birinə zəng edirdin, söndürürdü. Digərinə zəng edirdin, onu da söndürürdü. Axırda Kamrana zəng elədim. Uzun zaman sonra Kamran vasitəsi ilə bilet üçün verdiyim pulu 80 manat ziyanla ala bildim. Günel xanım bizə mənəvi olaraq çox əzab verib. Mən öz işimdə 3 manatlıq işə belə qəbz tələb edən adamam. Amma Kamrana elə inanırdım ki, aldandım. Günel dəfələrlə pulu qaytaracağını deyib. Zəng edəndə görüş təyin edirdi. Dediyi yerə getsəm də gəlmirdi. Sonra mən onu, o məni hədələməyə başladıq. Mənə deyirdi ki, arxam güclüdür, heç nə edə bilməzlər. Bu sözləri bütün zərərçəkmişlərə deyib”.
Məhkəmədə zərərçəkmiş Azər Əliyev də ifadə verib. O, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri olduğunu söyləyib.
Azər Əliyev 7999 manat zərər gördüyünü və pulunu tələb etdiyini bildirib.
Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva ali təhsillidir. Ailəli olub, azyaşlı uşağı var. O, bir çox şəxsin etibarında sui-istifadə edərək, külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir./lent.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?