Bakıda sükan arxasında narkotik maddə qəbul edən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu adlı avtobus sürücüsü həbs edilib.
gundemxeber.az bildirir ki, Bunu “Report”a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, paytaxtda fəaliyyət göstərən 10-XX-144 dövlət nömrə nişanlı 202 saylı marşrut avtobusunu idarə edən şəxs sükan arxasında olan zaman müəmmalı və təhlükəli hərəkətlərə yol verib. Belə ki, nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında siqaretin kağızı ilə yol boyu nə isə düzəltməyə çalışıb: “O, avtobus hərəkətdə olan zaman qarşısına baxmadan sərnişinlərin həyatını təhlükəyə atıb. Nəqliyyat vasitəsini idarə edən şəxs sadəcə ara-sıra yola göz gəzdirərək bir az “insaflı” davranıb. Avtobusdakı sərnişinlər onun bu hərkətlərini təəccüblə seyr edib. Bundan əlavə, sürücü nəqliyyat vasitəsinin salonunda olan sərnişinlərlə qeyri-etik danışıb. Ortaya çıxan mənzərə təxminən saat 11:15 radalərindən 11:30-a kimi davam edib”.
V.Əsədov bildirib ki, iyulun 23-də yayılan xəbər dərhal nəzarətə götürülüb: “Həmin 10-XX-144 dövlət nişanlı avtobusun hərəkətinin dayandırılması ilə bağlı göstəriş verilib. Təxminən saat 15:00 radələrində paytaxtın Binəqədi rayon ərazisində Gənclik-Biləcəri istiqamətində sərnişindaşıma ilə məşğul olan sürücü Cəfər Xəndan küçəsində saxlanılıb. Saxlanılan zaman sürücünün müvafiq sənədlərini təqdim etməməsi, eləcə də, özünü şübhəli aparması yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb və həmin sürücü tibbi müayinədən keçirməyə dəvət edilib. Tibbi müayinə zamanı sürücünün içki və narkotik vasitənin təsiri altında olması aşkarlanıb və bu barədə protokol tərtib edilib”.
Bölmə rəisi qeyd edib ki, eyni zamanda, onun sürücülük vəsiqəsinin təqdim etməməsi ilə bağlı da araşdırma aparılıb: “Məlum olub ki, həmin şəxs 09.04.2018-ci ildən etibarən sürücülük hüququndan məhrum edilib və bilərəkdən vəsiqəni təhvil verməyib. Digər bir araşdırmaya görə, onun 202 saylı marşutda müqavilə əsasında işləməsi məlum olub. Eyni zamanda onun qanunun tələblərinə zidd hərəkət etməsi və polisə tabe olmaması ilə bağlı da sənəd toplanılıb. 202 saylı marşrut üzrə işləyən 10-XX-144 dövlət nişanlı avtobusun sürücüsü, Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu barəsində toplanan bütün sənədlər Binəqədi Rayon Məhkəməsinə təhvil verilib. Hakim tərəfindən çıxarılan qərara əsasən, həmin sürücü 1 ay müddətinı inzibati qaydada həbs edilib və yenidən 1 il müddətində sürücülük hüququndan məhrum edilib. Eyni zamanda, bütün bu hallara göz yuman kolon rəisi, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Qurbanov Oktay Əlisəftər oğlu barəsində də 15 gün inzibati həbs qərarı verilib. Onların hər ikisi tutduğu vəzifədən xaric edilib”.
Qeyd edək ki, 202 saylı marşrut xətti “Çinar Trans” MMC-yə məxsusdur.
Sorğu
Yeni dizaynımız necədir?