Sabiq bankirə Gürcüstandan da daha bir cinayət işi gəlir
“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanıb. Cahangir Hacıyev yenə də mənimsəmədə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdəki bankir ABB-nin Moskva filialındakı yeyintilərlə bağlı yeni istintaqa cəlb olunub.
Cahangir Hacıyevin bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. Hazırda istintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırmanı davam etdirir. C.Hacıyevin vəkili Aqil Layıcov “Qafqazinfo”ya açıqlamasında belə bir məlumatdan xəbərsiz olduğunu bildirib: “İstintaq bundan əvvəlki işdə Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb və bununla bağlı hökm də verilib. İndi cinayət işi açılıbsa belə, hansı dövrü araşdıracaqlar? Onun işdən çıxandan sonrakı dövrü?”
“Yeni Müsavat” bu ilin martında sabiq bankirə qarşı yeni ittihamların irəli sürüləcəyi haqda özəl mənbələrə istinadən xəbər yaymışdı.
“Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası Eldar Mahmudovun qurduğu ”hörümçək toru"nu tam açmaq mümkün olmayıb. Bu səbəbdən C.Hacıyevlə bağlı istintaqın bitdiyini demək olmaz. Yada salaq ki, bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır.
E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər. İqtidarın C.Hacıyevə olası qəzəbi bunlarla da bitmir. Məlumdur ki, London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton Investment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.
Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir. ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb. Ekspertlərin sözlərinə görə, məhkəmə iddiaları üzündən restrukturizasiya planı baş tutmasa, 3,3 milyard dolları Azərbaycan hökuməti ödəməyə məcbur olacaq".
ABB ilə bağlı daha bir bəd xəbər qonşu Gürcüstandan gəlib. 2007-ci ildən fəaliyyətdə olan ABB Gürcüstan nümayəndəliyinin də ləğv olunması prosesi başlayıb. Artıq Gürcüstanın Milli Bankı “ABB Gürcüstan”a ləğvedici göndərib. “ABB Gürcüstan” bu vaxta qədər özünü ləğv etmə rejimində olub və bir neçə ay ərzində portfel şirkət tərəfindən idarə olunub. Hazırda bankda 100 min lari ödənilməmiş kredit və müştərilərin hesablarında tələb olunmayan depozitlər qalıb. “ABB Gürcüstan” artıq podratçı şirkət seçərək iş adamı Vano Çxartişvilinin ailəsinə (3 mln. lariyə yaxın) və səhmdarlarına öhdəliklərini ödəyib. ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərarı bu ilin martında qəbul edib. Bu qərardan sonra Cahangir Hacıyev Rusiya nümayəndəliyindəki maxinasiyalarla bağlı ittihamlarla üz-üzədirsə, onun Gürcüstan nümayəndəliyi ilə bağlı da istintaqçıların suallarını cavablandırmaq zorunda qalacağı gözləniləndir.
C.Hacıyev 2015-ci ildə külli miqdarda mənimsəmədə ittiham edilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun apelyasiya şikayəti təmin edilməyib. Sabiq bankir ittihamları qəbul etmədiyini, qondarma olduğunu bəyan edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?